“Para” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Rəsmi göstəricilərə əsasən, şirkət ili 6 milyon 232 min manat xalis mənfəətlə başa vurub. Bu nəticə 2024-cü ildə qeydə alınmış 1,2 milyon manatlıq zərərlə müqayisədə əhəmiyyətli dönüş kimi görünür.
Lakin maliyyə hesabatının detallı təhlili göstərir ki, əldə olunan mənfəətin əsas hissəsi kredit fəaliyyətindən və ya əməliyyat gəlirlərindən deyil, birdəfəlik mühasibat xarakterli bərpa gəlirlərindən formalaşıb.
Hesabatın ən diqqətçəkən göstəricisi kredit portfelində müşahidə olunan kəskin azalmadır. 2024-cü ilin sonunda 10,221 milyon manat təşkil edən kredit portfeli 2025-ci ilin sonunda cəmi 155 min manata enib. Bu isə kredit portfelinin təxminən 98,5% azalması deməkdir.
Belə bir dinamika klassik BOKT fəaliyyəti baxımından qeyri-adi hesab olunur və təşkilatın əsas biznes istiqaməti olan kreditləşməni demək olar ki, dayandırdığını göstərir. Kredit portfelinin bu səviyyədə kiçilməsi aktivlərin strukturunda da ciddi dəyişiklik yaradıb və təşkilatın gələcək fəaliyyət modeli ilə bağlı suallar ortaya çıxarıb.
Kreditləşmənin daralması birbaşa olaraq faiz gəlirlərinə təsir edib. Hesabat dövründə faiz gəlirləri təxminən üç dəfə azalaraq 1,7 milyon manata düşüb. Buna baxmayaraq, əvvəlki illərdə cəlb olunmuş maliyyə resursları üzrə faiz xərcləri yüksək səviyyədə qalaraq 1,154 milyon manat təşkil edib.
Nəticədə xalis faiz gəliri 633 min manata enib ki, bu da əvvəlki illə müqayisədə 6,7 dəfə azalma deməkdir. Bu göstərici kredit təşkilatının əsas fəaliyyətindən əldə etdiyi gəlirlərin əməliyyat yükünü qarşılamaq baxımından əhəmiyyətli dərəcədə zəiflədiyini göstərir.
Şirkətin açıqladığı 6,232 milyon manatlıq xalis mənfəətin böyük hissəsi dəyərsizləşmə üzrə bərpa gəlirlərindən formalaşıb. Hesabata əsasən, əvvəlki illərdə problemli kreditlər üzrə yaradılmış ehtiyatların bir hissəsi ləğv olunaraq təxminən 5,88 milyon manat həcmində gəlir kimi tanınıb.
Bu vəsait real pul daxilolması yaratmır və kredit fəaliyyətindən əldə olunan gəlir hesab edilmir. Söhbət balansda daha əvvəl ayrılmış ehtiyatların yenidən qiymətləndirilməsi nəticəsində yaranan mühasibat gəlirindən gedir. Başqa sözlə, açıqlanan mənfəətin böyük hissəsi əməliyyat nəticələrindən deyil, birdəfəlik mühasibat düzəlişlərindən qaynaqlanır.
Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, yüksək mənfəət açıqlanmasına baxmayaraq, şirkətin kapital mövqeyi güclənməyib. Hesabat dövründə “Para” BOKT-un cəmi kapitalı 6,2 milyon manat və ya 32,6% azalaraq 12,9 milyon manata düşüb.
Eyni zamanda şirkətin öhdəlikləri 18,65 milyon manat səviyyəsində qalmaqla kapitalı üstələyib.
MONETAR.AZ