Rusiya hökuməti ölkədə qızıl hasilatına dair uzun illərdən sonra ilk rəsmi geniş qiymətləndirməni açıqlayıb.
Rusiya Təbii Sərvətlər və Ekologiya Nazirliyinin məlumatına görə, 2026-cı ildə ölkədə qızıl hasilatının 480–500 ton səviyyəsində olacağı proqnozlaşdırılır. Bu göstərici ötən illə müqayisədə təxminən 3 faizlik artım deməkdir.
Nazirliyin açıqlamasında bildirilir ki, 2025-ci il üzrə yekun rəqəmlər hələ hesablanma mərhələsindədir, lakin ilkin qiymətləndirmələrə əsasən həmin il qızıl hasilatı 480–485 ton təşkil edib.
Eyni zamanda, 2026-cı ildə gümüş hasilatının 2,8–3 min ton, platin qrupu metallarının isə 134–137 ton aralığında olacağı gözlənilir.
Rəsmilər qeyd edirlər ki, ölkədə qızıl hasilatında artım geoloji kəşfiyyat işlərinin genişlənməsi və yeni yataqların istismara verilməsi ilə əlaqədardır.
Rusiya qlobal miqyasda qızıl istehsalına görə aparıcı ölkələrdən biri olaraq qalır və dünya bazarında ikinci yeri tutur.
MONETAR.AZ