AYİB-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı mühüm siqnallar

AYİB-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni makroiqtisadi proqnozunu açıqlayıb. Hesabatda 2026-cı il üzrə 2%, 2027-ci il üzrə isə 2,5% iqtisadi artım proqnozlaşdırılsa da, ilin ilk aylarına dair göstəricilər iqtisadi fəallığın zəiflədiyini və müəyyən risklərin formalaşdığını göstərir.

EBRD-nin qiymətləndirməsinə görə Azərbaycan iqtisadiyyatı 2026-cı ilin birinci rübündə 0,3% kiçilib. Hesabatda qeyd olunur ki, daralmanın əsas səbəblərindən biri neft-qaz sektorunda hasilatın 1,2% azalması olub. Lakin diqqət çəkən məqam qeyri-neft sektorunda da artım tempinin zəifləməsidir. Belə ki, qeyri-neft iqtisadiyyatında artım cəmi 0,2% təşkil edib. Bu göstərici son illərdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlərin fonunda gözləntilərdən aşağı qiymətləndirilir.

Hesabatda iqtisadiyyatın üzləşdiyi əsas çağırışlardan biri kimi inflyasiya təzyiqləri göstərilir. Birinci rübdə orta illik inflyasiya 5,7%-ə yüksəlib ki, bu da Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun yuxarı həddinə yaxın səviyyə hesab olunur. İqtisadi artımın zəiflədiyi şəraitdə inflyasiyanın yüksəlməsi iqtisadçılar tərəfindən risk elementi kimi qiymətləndirilir. Belə vəziyyət istehlak xərclərinin azalmasına, biznes aktivliyinin zəifləməsinə və investisiya qərarlarının ertələnməsinə səbəb ola bilər.

EBRD hesabatında dövlət maliyyəsində və xarici ticarət balansında da müəyyən daralma meyillərinin müşahidə olunduğu vurğulanır. Belə ki, büdcə profisiti 2024-cü ildə ÜDM-in 4,1%-i səviyyəsində olduğu halda, 2025-ci ildə bu göstərici 2,6%-ə enib. Cari əməliyyatlar hesabının profisiti də azalaraq ÜDM-in 6,3%-indən 4,6%-nə düşüb. Bu dinamika enerji gəlirlərinin əvvəlki illərlə müqayisədə iqtisadi göstəricilərə daha məhdud təsir göstərdiyini nümayiş etdirir.

Bununla yanaşı, EBRD Azərbaycanın makroiqtisadi dayanıqlığını təmin edən mühüm amillərə də diqqət çəkib. Hesabata görə, ölkənin xarici borcu ÜDM-in təxminən 28%-i səviyyəsində qalır ki, bu da beynəlxalq standartlara görə təhlükəsiz hədd hesab edilir. Daha önəmli göstərici isə Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondunun xarici aktivləridir. Bu qurumların ümumi valyuta ehtiyatları ölkənin ümumi daxili məhsulunun 112%-nə bərabərdir. Belə böyük ehtiyatlar Azərbaycan iqtisadiyyatına neft qiymətlərindəki dəyişikliklər, xarici maliyyə şokları və geosiyasi risklər fonunda əlavə dayanıqlıq verir.

EBRD hesab edir ki, ilin əvvəlindəki zəif nəticələrə baxmayaraq, növbəti rüblərdə iqtisadi aktivlik bərpa olunacaq və ölkə ili 2%-lik iqtisadi artımla başa vuracaq. Bank bu artımın əsasən üç istiqamətdən qaynaqlanacağını qeyd edir.

Yaxın Şərqdə davam edən geosiyasi gərginliklər qlobal enerji bazarlarında qiymətlərin yüksək qalmasına səbəb olur. Bu isə enerji ixracatçısı olan Azərbaycan üçün əlavə valyuta daxilolmaları və büdcə gəlirləri yaradır.

EBRD hesab edir ki, regionda sülh prosesinin irəliləməsi və nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsi Azərbaycan üçün yeni iqtisadi imkanlar formalaşdıra bilər.

Xüsusilə Orta Dəhliz layihəsinin inkişafı ölkənin tranzit və logistika potensialını artıran əsas amillərdən biri kimi qiymətləndirilir.

Son illərdə Azərbaycana cəlb edilən irihəcmli bərpa olunan enerji layihələri də iqtisadiyyatın yeni inkişaf mənbələrindən biri hesab olunur. Külək və günəş enerjisi layihələrinin reallaşması uzunmüddətli perspektivdə qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın daha dayanıqlı struktur qazanmasına töhfə verə bilər.

EBRD-nin hesabatı göstərir ki, Azərbaycan iqtisadiyyatı 2026-cı ilə zəif dinamika ilə başlasa da, makroiqtisadi sabitliyi qoruyan mühüm üstünlüklərə malikdir. İqtisadi artımın yavaşıması, inflyasiyanın yüksəlməsi və fiskal göstəricilərdəki zəifləmə müəyyən risklər yaratsa da, böyük valyuta ehtiyatları, aşağı xarici borc səviyyəsi və enerji gəlirləri ölkənin maliyyə dayanıqlığını gücləndirən əsas amillər olaraq qalır.

Növbəti illərdə iqtisadi artımın sürəti əsasən qeyri-neft sektorunun inkişafından, investisiya mühitinin yaxşılaşmasından, regional əməkdaşlıq layihələrinin uğurundan və yaşıl enerji sektoruna yatırımların effektivliyindən asılı olacaq.

MONETAR.AZ