FED: ABŞ-da inflyasiya təzyiqləri güclənir

FED: ABŞ-da  inflyasiya

ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti  hesabatında ölkədə qiymət artımlarının yüksək səviyyədə qalmaqda davam etdiyi vurğulanıb.

Hesabatda qeyd olunur ki, son həftələr ərzində ABŞ-ın əksər bölgələrində iqtisadi fəaliyyət zəifdən orta səviyyəyədək artım nümayiş etdirsə də, məşğulluq göstəricilərində demək olar ki, dəyişiklik qeydə alınmayıb.

FED-in 12 regional ehtiyat bankı tərəfindən mayın 27-dək toplanmış məlumatlara əsaslanan hesabatda inflyasiyanın əvvəlki dövrlə müqayisədə daha yüksək olduğu bildirilib. Bunun əsas səbəbi kimi Yaxın Şərqdə davam edən münaqişənin enerji qiymətlərinə təsiri göstərilib.

Sənədə görə, enerji xərclərindəki artım nəqliyyat, qablaşdırma, ərzaq və gübrə sektorlarında da qiymət təzyiqlərini artıraraq inflyasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilib.

Maliyyə bazarlarında iştirakçılar FED-in iyunun 16-17-də keçiriləcək iclasında uçot dərəcəsini dəyişməz saxlayacağını gözləyirlər. Bununla belə, fyuçers bazarlarında gələn ilin mart ayınadək faiz dərəcəsinin 0,25 faiz bəndi artırılması ehtimalı artıq qiymətlərdə əks olunub.

Qeyd edək ki, qarşıdakı iclas FED-in yeni sədri Kevin Vorşun rəhbərliyi ilə keçiriləcək ilk toplantı olacaq.

MONETAR.AZ