Azərbaycanda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzi bildirir ki, imtahanlar Bakının Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal və Binəqədi rayonlarında, eləcə də Sumqayıtda (I hissə), Gəncədə (II hissə), Mingəçevirdə, həmçinin Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli (o cümlədən M. Uluqbəy adına tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M. Mehdi̇zadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə) və Quba (I hissə) rayonlarında, həmçinin tədrisi ingilis dilində aparılan məktəblər üzrə təşkil olunub.
Ümumilikdə 216 imtahan binası və 3 837 imtahan zalı ayrılıb. İmtahan prosesinə 627 rəhbər və böyük nəzarətçi, 4 800 nəzarətçi, 701 buraxılış rejimi əməkdaşı və 216 bina nümayəndəsi cəlb olunub.
İmtahanda 52 687 şagirdin iştirakı nəzərdə tutulurdu.
Eyni zamanda, sağlamlıq imkanları məhdud olan 34 şagird də imtahanda iştirak edib. Onlar üçün xüsusi zallar ayrılıb, görmə qabiliyyətini tam itirmiş şəxslər üçün fərdi nəzarətçilər təyin olunub. Hərəkət məhdudiyyəti olan iştirakçılar üçün də müvafiq şərait yaradılıb.
Bəzi şagirdlər sənəd problemi səbəbindən imtahana buraxılmayıb — şəxsiyyət vəsiqəsinin olmaması, surətinin təqdim edilməsi və ya fotoşəkilli arayışın olmaması halları qeydə alınıb.
Növbəti imtahan iştirakçılarına buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə gəlməyin vacibliyi xatırladılıb.
İlkin məlumatlara görə, üç nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıb. Faktla bağlı araşdırma aparılacaq.
Aprelin 13-dən etibarən imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. Açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyinə görə nəticələrin növbəti beş həftə ərzində elan olunması planlaşdırılır.
İmtahandan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib. Test tapşırıqlarının düzgün cavabları isə sabah mərkəzin rəsmi saytında dərc olunacaq.