Rusiyanın Rostov vilayətində miqrantların 1 aprel – 31 dekabr 2026-cı il tarixləri arasında kuryer, eləcə də ərzaq məhsulları, içkilər və tütün məmulatlarının topdan və pərakəndə satışı ilə məşğul olması qadağan ediləcək. Bundan əlavə, onlara quru və boru kəməri nəqliyyatı, həmçinin poçt rabitəsi sahəsində fəaliyyət göstərmək də yasaqlanacaq. Bu, vilayət qubernatorunun 11 fevral tarixli sərəncamında əksini tapıb.
KİV-in yazdığına görə, 1 mart tarixindən etibarən miqrantlara qiymətli metalların satışı və fitnes mərkəzlərinin fəaliyyətində iştirak da qadağan olunacaq.
Hüquqşünasların sözlərinə görə, qadağa yalnız patent əsasında işləyən miqrantlara şamil ediləcək. Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin — Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan vətəndaşları bu məhdudiyyətlərdən kənarda qalacaq.
Patent almaq Azərbaycan, Moldova, Tacikistan və Özbəkistan vətəndaşları üçün məcburidir.
2025-ci ildə Rostov vilayətinə miqrant axını 2024-cü illə müqayisədə 5%-dən çox artıb. Gələn xarici vətəndaşların əsas hissəsini əmək miqrantları təşkil edir.