2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkədə əmək müqavilələrinin tərtib olunması və vergi öhdəliklərinin icrası üzrə ciddi nəzarət tədbirləri həyata keçirib. Lakin açıqlanan statistik göstəricilər hələ də sistematik problemlərin mövcud olduğunu göstərir.
Ötən il 60 vergi ödəyicisinə məxsus 75 obyektdə aparılan operativ nəzarət tədbirləri nəticəsində 196 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu aşkar edilib. Həmin işçilərin əmək hüquqları bərpa olunub və aidiyyəti vergi ödəyiciləri barəsində 398 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Dövlət Vergi Xidmətinin açıqlamasına görə, bu hallar işçilərin sosial sığorta hüquqlarının qorunmamasına, əmək şəraitinin tam təmin edilməməsinə və qanunvericilik pozuntularının geniş yayılmasına səbəb olur. Cərimələrin tətbiq edilməsinə baxmayaraq, sistemli qarşısının alınması hələ də zəif səviyyədədir.
Hesabat dövründə vergi borcu üzrə görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1,5 milyon manat daxil olub. Mütəxəssislər bildirirlər ki, bu göstərici yalnız qismən tədbirlərin effektini əks etdirir və vergi ödəməkdən yayınma halları hələ də geniş yayılıb.
Eyni zamanda, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 117 cinayət işi üzrə 123 nəfər təqsirləndirilən şəxs istintaqa cəlb edilib. Bu işlər vergi ödəməkdən yayınma, əmək müqaviləsi olmadan işçi cəlb edilməsi, saxta aksiz markalarının hazırlanması və satışı kimi ciddi pozuntuları əhatə edib.
Hesabat dövründə vurulmuş ziyanın ödənilməsi ilə 37 cinayət işinə icraata xitam verilib, 77 material üzrə cinayət işinin başlanılması rədd edilib. İcraatı davam edən cinayət işləri üzrə isə 56,9 milyon manat məbləğində ziyanın ödənilməsi təmin olunmayıb. Bu, dövlət büdcəsinin gəlir mənbələrinin qorunmasında ciddi risklər yaratmaqla yanaşı, hüquq-mühafizə sistemində boşluqların olduğunu göstərir.
Dövlət Vergi Xidmətinin nümayəndələri bildirirlər ki, əmək müqaviləsi olmadan işçi cəlb edilməsinin qarşısının alınması, vergi borclarının vaxtında yığılması və bazar şəffaflığının təmin olunması üçün əlavə preventiv tədbirlər görüləcək.
Ekspertlər vurğulayırlar ki, əmək və vergi qanunvericiliyindəki boşluqların aradan qaldırılması işçilərin hüquqlarının qorunması və dövlət büdcəsinin gəlirlərinin artırılması baxımından vacibdir.
MONETAR.AZ