Azərbaycan və İsrail “yaşıl” enerji sahəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və İsrail “yaşıl” enerji sahəsində əməkdaşlığı

Azərbaycan və İsrail təmiz energetikanın inkişafı sahəsində ikitərəfli əməkdaşlığın mümkün istiqamətlərini müzakirə ediblər.

Bu barədə Xəzər–Qara dəniz–Avropa marşrutu üzrə “yaşıl enerji”nin ixracı layihəsi çərçivəsində yaradılmış “Yaşıl Enerji Dəhlizi” (GECO, Black Sea Energy) birgə müəssisəsinin baş direktoru Fərhad Məmmədov sosial şəbəkədə yazıb. Bu barədə Report xəbər verir.

F. Məmmədov bildirib ki, Azərbaycan və İsrailin energetika nazirliklərinin nümayəndələri arasında keçirilən ikitərəfli onlayn görüş zamanı GECO layihəsinin təqdimatı edilib. Təqdimatda layihənin strateji baxışı, regional əhəmiyyəti və bu günə qədər əldə olunmuş irəliləyişlər əks olunub.

“Bununla yanaşı, tərəflər xüsusilə təcrübə mübadiləsi və təmiz enerji sahəsində gələcək əməkdaşlıq imkanları daxil olmaqla, potensial qarşılıqlı fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar”, deyə paylaşımda qeyd olunub.