Azərbaycanda yük avtomobillərinin idxalındakı son statistik göstəricilər nəqliyyat sektorunda ciddi bir durğunluğun yaşandığını deməyə əsas verir. Dövlət Gömrük Komitəsinin hesabatı sadəcə rəqəmlərin azalmasını deyil, eyni zamanda bazara daxil olan texnikanın keyfiyyət və kəmiyyət baxımından "arzuolunmaz" səviyyədə olduğunu bəyan edir.
Ötən ilin yanvar ayı ilə müqayisədə ölkəyə gətirilən yük maşınlarının sayında 12%-ə yaxın azalma qeydə alınıb. İdxal xərclərinin isə 1 milyon dollardan çox (13,7%) kəsilməsi logistika parklarının yenilənmə prosesinin "əyləcə basdığını" göstərir. Tranzit mərkəzi olmaq iddiasında olan bir ölkə üçün ay ərzində cəmi 569 ədəd yük maşınının idxalı, böyük daşımalar sektorundakı aktivliyin daxili ehtiyacları belə çətinliklə qarşıladığını nümayiş etdirir.
Statistikanın ən ağrılı tərəfi isə qiymətlərdir. İdxal olunan bir yük avtomobilinin orta qiymətinin 10 786 dollara (təxminən 18 336 manat) düşməsi ciddi suallar doğurur:
Qlobal bazarda müasir, ekoloji standartlara cavab verən və yüksək tonnajlı yük maşınlarının qiyməti bir neçə yüz min dollar olduğu halda, Azərbaycana gətirilən texnikanın orta qiymətinin bu qədər aşağı olması nə ilə bağlıdır?
Bu rəqəm ölkəyə hələ də xarici ölkələrin "istismar müddəti bitmiş", texniki baxımdan köhnəlmiş və ekologiyanı zəhərləyən ikinci əl maşınlarının daşındığının aşkar göstəricisidir.
MONETAR.AZ