Samsung-in ucuz smartfonları barədə məlumatlar üzə çıxıb

Samsung-in ucuz smartfonları barədə

Samsung korporasiyası yaxın vaxtlarda münasib qiymətli Galaxy A37 5G və Galaxy A57 5G smartfonlarını təqdim etməyə hazırlaşır. Bu barədə The Tech Outlook nəşri məlumat yayıb.

Yeni cihazlarla bağlı qeydlər Google Play Console-un servis kataloqunda aşkarlanıb. Galaxy A37 və Galaxy A57 telefonları siyahıda öz marketinq adları ilə göstərilir, həmçinin müxtəlif bazarlar üçün nəzərdə tutulmuş bir neçə versiya da qeyd olunub.

Brendin ən ucuz modellərindən biri olacaq Galaxy A37 5G Exynos 1480 prosessoru, Samsung Xclipse 530 qrafik sürətləndiricisi və 6 GB operativ yaddaşla təchiz ediləcək. Smartfon əvvəlcədən Android 16 əməliyyat sistemi ilə təqdim olunacaq. Arxa paneldə üçlü kamera, ön tərəfdə isə ekranın içində yerləşdirilmiş ön kamera olacaq. Batareyanın tutumu 4905 mAh təşkil edəcək.

Daha üst model olan Galaxy A57 5G isə Exynos 1680 prosessoru, Samsung Xclipse 550 qrafik sürətləndiricisi və 8 GB operativ yaddaşla satışa çıxacaq. Bu model də Android 16 ilə gələcək. Batareyanın tutumu açıqlanmasa da, 45 vatt sürətli enerji yığma dəstəyi olacağı bildirilib.

Jurnalistlər hesab edirlər ki, smartfonların Google Play Console bazasında görünməsi onların yaxın günlərdə təqdim ediləcəyinə işarədir.

Daha əvvəl tanınmış insayder Roland Kvandt Samsung Galaxy S26 seriyasına aid bütün texniki xüsusiyyətləri açıqlamışdı. Onun sözlərinə görə, bu seriyaya daxil olan cihazlar Exynos 2600 prosessoru, minimum 12 GB operativ yaddaş və maksimum 5000 mAh tutumlu batareya ilə təchiz olunacaq.

 

MONETAR.AZ