Kanada avtomobil sənayesini qorumaq məqsədilə Asiyaya yönəlir

Kanada avtomobil sənayesini qorumaq məqsədilə

Kanada hökuməti baş nazir Mark Karninin rəhbərliyi altında avtomobil sənayesinin inkişaf strategiyasını köklü şəkildə dəyişir. ABŞ-ın sərt tarif siyasəti fonunda Ottava “Detroyt üçlüyü”ndən olan ənənəvi tərəfdaşlara etimadını itirir və Çinlə Yaponiyadan investisiyaların cəlbinə fəal şəkildə başlayır. Bu haqda Bloomberg yazır.

Kanadanın ABŞ avtomobil nəhəngləri — GM, Ford və Stellantis ilə münasibətləri kəskin şəkildə pisləşib. Tramp administrasiyasının qoruyucu rüsumlar tətbiq etməsindən sonra bu şirkətlər Ontarioda istehsalı və iş yerlərini azaltmağa başlayıblar.

Əgər 10 il əvvəl Kanadada istehsal olunan avtomobillərin 56%-i “Detroyt üçlüyü”nün payına düşürdüsə, ötən il bu göstərici 23%-ə enib. Hazırda Kanada avtosənayesinin əsas oyunçuları Yaponiyanın Toyota və Honda şirkətləridir.

Sənaye naziri Melani Joli artıq GM və Stellantis-dən dövlət subsidiyalarının geri qaytarılmasını tələb etməklə hədələyib və onları öhdəlikləri pozmaqda ittiham edib.

Karni və Joli yaxın vaxtlara qədər ağlasığmaz görünən addıma gedərək Pekinlə danışıqlara başlayıblar. Yanvarda Kanada nümayəndə heyəti BYD və Chery kimi istehsalçıları cəlb etmək məqsədilə Çinə səfər edib.

Kanada ildə 49 min Çin elektromobilinə qədər olan kvota üzrə rüsumları 6%-ə endirməyə razılaşıb; əvəzində Çin kənd təsərrüfatı məhsullarına tətbiq olunan tarifləri azaldacaq. “İdxal kreditləri” sistemi tətbiq olunub: rüsumsuz satış istəyirsənsə, avtomobilləri Kanadanın özündə istehsal et. Bu, Kanadada 300 min avtomobil satan, lakin cəmi bir zavod saxlayan GM üçün birbaşa zərbədir.

Trampın ABŞ-da iş yerlərini geri qaytarmağa yönəlmiş siyasəti 1960-cı illərdən fəaliyyət göstərən vahid Şimali Amerika avtomobil bazarının mövcudluğunu təhlükə altına qoyur. ABŞ administrasiyası (xüsusilə ticarət naziri Hovard Latnik) artıq xəbərdarlıq edib ki, Kanadanın Çinlə yaxınlaşması USMCA ticarət sazişini risk altına sala bilər.

Ekspertlər qeyd edirlər ki, Kanada avtosənayesinin tənəzzülü Trampdan xeyli əvvəl başlayıb. İstehsal 2000-ci ildəki 3 milyon avtomobildən 2024-cü ildə 1,3 milyona düşüb. Lakin tariflər bu prosesi sürətləndirib.

“Əgər ABŞ-la ‘boşanma’ reallığa çevrilsə, Kanadanın hansı seçimi qalır? Məncə, Trampın yaratdığı xaosu seyr edən Çin, Koreya və Yaponiya avtomobil istehsalçıları indi şampan içirlər”, deyə Brempton şəhərinin meri Patrik Braun hesab edir.

MONETAR.AZ