Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təqdim olunan “Münhen Təhlükəsizlik Hesabatı 2026” sənədi ABŞ-ın bir sıra əsas BMT qurumlarını maliyyələşdirmədən geri çəkilməsinin genişmiqyaslı nəticələrini ortaya qoyub.
Hesabata əsasən, ən böyük büdcə azaldılması Dünya Ərzaq Proqramı üzrə gözlənilir. Quruma ayrılan vəsaitin təxminən 34 faiz azalacağı bildirilir.
Beynəlxalq Miqrasiya Təşkilatının büdcəsində isə təxminən 30 faizlik azalma proqnozlaşdırılır.
Bundan əlavə, BMT-nin Uşaq Fondu və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi də bu il 20 faizə qədər büdcə ixtisarı ilə üzləşə bilər.
Məlumata görə, 2024-cü ildə ABŞ-dan sonra ən böyük donorlar Almaniya və Böyük Britaniya olub. Onların ayrı-ayrı agentliklər üzrə maliyyə payı 7–11 faiz aralığında dəyişib.
Ekspertlər bildirirlər ki, maliyyə dəstəyinin azalması qlobal humanitar əməliyyatların sabitliyinə mənfi təsir göstərə və müxtəlif regionlarda böhranları dərinləşdirə bilər.
MONETAR.AZ