Yanvar ayında Azərbaycanda daşınmaz əmlak bazarında maraqlı tendensiyalar müşahidə olunub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqladığı rəqəmlər bazarın hansı istiqamətdə hərəkət etdiyini aydın göstərir.
Birinci diqqətçəkən məqam təkrar bazarın üstünlüyüdür. Qeydiyyatların 82 %-i təkrar satışlara, yalnız 18 %-i isə yeni tikililərə aiddir. Bu o deməkdir ki, yeni tikilən binaların sənədləşmə prosesi hələ də köhnə mənzil fondunun dövriyyəsindən geri qalır. İnsanlar yeni mənzil alsalar da, çox vaxt müqavilə ilə yaşayır və bu statistika sənədləşmədə özünü göstərmir. Maraqlıdır ki, bazarın əsas hərəkətverici qüvvəsi yeni investisiyalar deyil, mövcud əmlakların əl dəyişməsidir.
Bakı ilə bağlı vəziyyət isə bir qədər paradoksal görünür. Cəmi 7 562 qeydiyyat paytaxta, qalan 23 458-i isə regionlara aiddir. Yəni əmlak bazarının cəmi 24%-i Bakı ilə bağlıdır. Bunun iki əsas səbəbi var: birincisi, regionlarda torpaq islahatı və fərdi evlərin sənədləşməsi geniş miqyasda davam edir; ikincisi, Bakıda əmlak qiymətləri yüksək olduğundan alqı-satqı sayı regionlarla müqayisədə azdır. Bununla yanaşı, paytaxtda hələ sənədsiz qalan evlərin çoxluğu, xüsusilə qanunsuz tikililər, statistikanın “qapısından” içəri girmir.
Yanvar ayında torpaq sahələri bazarda liderdir. 16 184 torpaq sahəsi qeydiyyata alınıb ki, bu da mənzil qeydiyyatından iki dəfə çoxdur. Bu isə göstərir ki, Azərbaycan vətəndaşı hələ də torpağı ən etibarlı investisiya və mülkiyyət forması kimi qiymətləndirir. Çoxmərtəbəli binalardakı mənzil qeydiyyatının azlığı isə həm regionlarda horizontal (həyət evi və torpaq) məskunlaşmaya üstünlük verildiyini, həm də çoxmərtəbəli tikililərdə sənədləşmə prosesinin ləng getdiyini göstərir.
İpoteka məsələsinə baxsaq, yanvar ayında 31 020 mülkiyyət hüququ qeydiyyatına qarşı cəmi 5 271 ipoteka müqaviləsi bağlanıb. Bu, qeydiyyata alınan əmlakların yalnız 17%-nin bank krediti ilə alındığını göstərir. Qalan 83 % ya nağd pul ilə alınıb, ya vərəsəlik və hədiyyə yolu ilə keçib, ya da köhnədən qalan mülkiyyət sənədləşdirilib.
Texniki sənədləşmə də diqqət çəkir. Yanvar ayında 21 928 texniki pasport tərtib edilib. Bu, kifayət qədər böyük bir kütlənin çıxarış almaq üçün ilk addımı atdığını göstərir, lakin proses hələ yekunlaşmayıb. Texniki pasportun olması mülkiyyət hüququ demək deyil, sadəcə əmlakın ölçü-biçiMini təsdiqləyir.
Yanvar ayının göstəriciləri göstərir ki, Azərbaycan vətəndaşı üçün torpaq və mənzil hələ də ən etibarlı investisiya vasitəsidir, bazarın əsas hərəkətverici qüvvəsi isə mövcud əmlakların təkrar dövriyyəsidir. Regionlarda sənədləşmə aktivdir, paytaxt isə qiymət maneələri və qeyri-qanuni tikililər səbəbindən bazarda nisbi azlıq təşkil edir.
MONETAR.AZ