Almaniyada qaz ehtiyatları 2013-cü ildən bəri minimuma düşüb

Almaniyada qaz ehtiyatları 2013-cü ildən bəri

Almaniyanın yeraltı qaz anbarlarındakı ehtiyatlar 5,7 milyard kubmetrə enib ki, bu da fevral ayının ortası üçün 2013-cü ildən bəri ən aşağı göstəricidir. Bu barədə Avropa platforması GIEnin məlumatları göstərir. Gündəlik qaz çıxarılmasının 100 milyon kubmetrdən artıq olduğu indiki tempdə mövcud ehtiyatlar yalnız aprelin ortalarına ölkənin şimalında istilik mövsümünün sonuna qədər kifayət edəcək.

Vəziyyət təkcə soyuq hava və uzunmüddətli küləksiz dövrlərlə çətinləşməyib. Bu zaman qazla işləyən elektrik istehsalına düşən yük artıb. Əhəmiyyətli təsir göstərən amillərdən biri də mayeləşdirilmiş təbii qaz (LNG) idxalındakı problemlər olub.

Fevralın əvvəlindən Baltik dənizində yerləşən Almaniyanın ən böyük LNG terminalı Mukran LNG qazın qaznəqliyyat sisteminə verilməsini dayandırıb. Buna səbəb buzlu hava şəraiti olub: qazdaşıyan gəmi boşaltma üçün körpüyə yaxınlaşa bilməyib. Nəticədə LNG idxalı gündəlik 35 milyon kubmetrdən 20 milyon kubmetrə enərək 40%-dən çox azalıb.

İki həftə ərzində Almaniya və Avropa şirkətləri ümumilikdə 2 milyard kubmetrdən artıq qaz ala bilməyiblər.

Minerva Amorgos adlı tanker artıq iki həftədən çoxdur ki, Rügen adası yaxınlığında, terminal ərazisindədir, lakin onu Mukran limanındakı regazifikasiya gəmisinə çatdırmaq mümkün olmayıb. Əlavə çətinliklər Rostokdan müşayiət üçün göndərilən Neuwerk buzqıran gəmisinin sıradan çıxmasından sonra yaranıb.

LNG tədarükünün nə vaxt bərpa olunacağı hələlik bəlli deyil. Qaz ehtiyatlarının azalması və davam edən istehlak fonunda Almaniyada və bir sıra Aİ ölkələrində enerji vəziyyəti gərgin olaraq qalır.

MONETAR.AZ