Qlobal qızıl anbarları iri miqyaslı "soyğun ssenarilərini" hesablayır

Qlobal qızıl anbarları iri miqyaslı

Qızılın qiymətlərinin sürətlə artması bəzi anbar operatorlarını külçələrin getdikcə daha böyük hissəsini sığortasız saxlamağa sövq edir. Səbəb odur ki, ehtiyatların həcmi mövcud sığorta əhatəsinin hədlərinə yaxınlaşır. Bu barədə Financial Times sığorta brokerlərinə istinadən yazır.

Howden broker şirkətindən Barri Vikerinin sözlərinə görə, bir obyekt üçün maksimal sığorta limiti 3 milyard dollardan təxminən 5 milyard dollara yüksəlib. Lakin qızıl qiymətlərinin kəskin artımı bu hədlərin də kifayət etməməsinə gətirib çıxarır və sektor iştirakçıları yeni yanaşmalar axtarırlar.

Xüsusilə, anbar operatorları ehtiyatları müxtəlif obyektlər arasında bölüşdürürlər ki, bir məkan üzrə sığorta limitlərinə uyğun gəlsinlər. Bu isə daşınma risklərini artırır və daşıyıcıları sığorta əhatəsini genişləndirməyə məcbur edir. Vikeri qeyd edib ki, getdikcə daha çox operator mövcud təhlükəsizlik sistemlərinə güvənərək tam sığorta olmadan külçələri saxlamağı mümkün sayır və özünü sığortalama yolunu seçir.

Marsh broker şirkətindən Pol Martinin sözlərinə görə, kastodianların özünü sığortalaması yeni hal deyil, lakin qiymət artımı fonunda bu tendensiya daha tez-tez müşahidə olunur.

Onun sözlərinə görə, qiymətli metallar bazarında fəaliyyət göstərən iri banklar artıq uzun illərdir ki, London sığorta bazarının imkanlarını aşan həcmdə qızılı öz balanslarında saxlayırlar. Bu qrupa HSBC, JPMorgan, ICBC Standard Bank və UBS daxildir.

Bununla yanaşı, Martin əlavə edib ki, əvvəllər saxladıqları qızılın hamısını “son dollara qədər” sığortalayan bəzi orta ölçülü kastodianlar indi risklərin bir hissəsini öz balanslarında saxlamağa başlayıblar.

Vikerinin sözlərinə görə, bir sıra depozitarilər yaxın zamanda soyğun və ya oğurluq halında mümkün maksimal itkiləri qiymətləndirmək üçün araşdırmalar sifariş ediblər. Nəticə isə belə olub: “Belə həcmdə qızılı oğurlayıb çıxarmaq üçün bir neçə yük maşını olan bir ordu lazım gələrdi”.

Digər operatorlar isə qızıl ehtiyatlarını müxtəlif anbarlar arasında paylayırlar. Çünki sığorta polisleri adətən bir obyekt üzrə limit müəyyən edir. Financial Times-a danışan treyderin sözlərinə görə, “lokasiya” anlayışının necə müəyyənləşdirilməsi də mühümdür. Məsələn, eyni sənaye sahəsində bir neçə anbar yerləşirsə, ehtiyatları onların arasında bölmək və formal olaraq sığorta tələblərinə əməl etmək mümkündür.

FT yazır ki, qızıl üçün ən böyük risk daşınma zamanı yaranır. “Çox vaxt insidentlər məhz ötürülmə anında baş verir”, — deyə Vikeri bildirib. “Böyük həcmdə metal daşınarkən və qızılın qiyməti yüksələndə bu, cinayətkar qruplar üçün daha cəlbedici hədəfə çevrilir”.

Bəzi kastodianlar özünü sığortalamağa keçsə də, aktivlərini sığortalamaqda davam edənlər üçün polis dəyəri xeyli artıb. Artan tələbat fonunda sığortaçılar da bizneslərini genişləndirirlər. Məsələn, Westfield Specialty son bir ildə qiymətli metallar üzrə ayrıca anderraytinq komandaları yaradıb.

Martin əlavə edib ki, artım Hindistan və ABŞ kimi bazarlarda pərakəndə qızıl tələbinin kəskin yüksəlməsi ilə də bağlıdır: “Sistemdən keçən qızılın həcmi artır”.

Qızılın saxlanması üçün anbarlar yeganə seçim deyil. Məsələn, Tether şirkətinin rəhbəri Paola Ardoinonun Bloomberg-ə verdiyi müsahibədən sonra məlum olub ki, şirkət fiziki qızılı İsveçrədə Soyuq müharibə dövründən qalmış keçmiş nüvə bunkerində saxlayır. Onun sözlərinə görə, anbara hər həftə bir tondan çox metal gətirilir və Tether-in ümumi qızıl ehtiyatları təxminən 140 tona çatır.

Ardoino vurğulayıb ki, fiziki metalın mülkiyyəti şirkət üçün strateji əhəmiyyət daşıyır. Buna görə də Tether yüksək mühafizəli infrastrukturda müstəqil saxlanmaya üstünlük verib. Onun təsvirinə görə, obyekt bir neçə səviyyəli ağır polad qapılar və təhlükəsizlik sistemləri ilə təchiz olunub və “Ceyms Bond filmi üçün məkan kimi görünür”.

MONETAR.AZ