Fransa hökuməti Avropa İttifaqının vahid Avropa valyutasının beynəlxalq statusunu gücləndirmək planları ilə bağlı şübhələrini ifadə edib. Avropa İttifaqının bu istiqamətdə atacağı addımlardan əvvəl iqtisadi risklərin diqqətlə qiymətləndirilməsini tələb edən Paris mövqeyini Bloomberg yayımlayıb.
Fransanın Maliyyə Nazirliyindəki mənbənin sözlərinə görə, hakimiyyət orqanları avronun güclənməsi ideyasını dəstəkləsə də, bunun ixracatçılar üçün hansı qiymətə başa gələcəyini dəqiq anlamaq istəyir. Əgər avro böhran dövrlərində investorlar üçün qlobal “təhlükəsiz liman”a çevrilərsə, valyutanın məzənnəsi kəskin yüksələ bilər. Bu isə Avropa ixracatçıları üçün ikiqat zərbə deməkdir: qlobal iqtisadi durğunluq səbəbilə tələbin azalması üstəgəl avronun əlverişsiz (yüksək) məzənnəsi.
Tarixən Fransa avronun çəkisinin artırılmasının tərəfdarı olub və dolların dominantlığını tənqid edib. Lakin hazırda rəsmilər etiraf edirlər ki, ABŞ üçün işləyən model avrozona iqtisadiyyatı üçün uyğun olmaya bilər. Çünki avrozona, Amerika iqtisadiyyatından fərqli olaraq, ticarət balansında profisitə malikdir.
Fransanın ehtiyatlı mövqeyi, prezident Emmanuel Macronun vahid valyutanın 2021-ci ildən bəri maksimum səviyyəyə çatmasından sonra onun gücünün müzakirə olunmasına çağırış etməsindən sonra daha qabarıq şəkildə üzə çıxıb.
Avronun rolu ilə yanaşı, nazirlər Aİ iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılmasını, maliyyə bazarlarının inteqrasiyasını və ödənişlərdə strateji muxtariyyətin gücləndirilməsini də müzakirə edəcəklər.
MONETAR.AZ