Azərbaycanda qadağan olunmuş yerlərdə elektron siqaret istifadə edən şəxslər cərimələnəcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələrin əlavə edilməsi təklif olunur.
Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, qadağan edilmiş yerlərdə, o cümlədən küçələrdə və digər ictimai məkanlarda elektron siqaretlərdən istifadə edən fiziki şəxslər 30 manat məbləğində cərimə ediləcək.
Dəyişikliklərin məqsədi ictimai yerlərdə sağlam mühitin qorunması, vətəndaşların, xüsusilə uşaqların və yeniyetmələrin passiv təsirdən müdafiəsinin gücləndirilməsi kimi izah olunur.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, yeni qaydalar qüvvəyə mindikdən sonra inzibati məsuliyyət tətbiq olunacaq.
Layihənin növbəti mərhələdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir.
MONETAR.AZ