Azərbaycanın xam neft ixracı üzrə açıqlanan rəsmi statistik göstəricilər beynəlxalq bazarda qəbul olunmuş barel ölçü vahidinə çevrilərək təhlil edilib.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, hesabat dövründə ölkədən 2 milyon 642 min 930,94 ton xam neft ixrac olunub. Bu həcm barel ifadəsində təxminən 19 milyon 372 min 684 barelə bərabərdir.
İxrac olunan neftin ümumi statistik dəyəri 1,24 milyard ABŞ dolları təşkil edib. Beləliklə, orta hesabla 1 barel Azərbaycan neftinin ixrac qiyməti 63,91 ABŞ dolları olub.
Ölkələr üzrə qiymətlərdə cüzi fərqlər müşahidə olunur. Ən böyük alıcı olan İtaliyaya ixrac edilən 13 milyon 545 min 221 barel neftin 1 barelinin orta qiyməti 63,61 dollar təşkil edib. Rumıniyaya satılan neft üzrə bu göstərici 64,85 dollar, Portuqaliya və Almaniya üzrə 64,63 dollar, İndoneziya üzrə isə 63,22 dollar olub.
Analitiklər bildirirlər ki, iri həcmli satışlarda tətbiq edilən kommersiya şərtləri və logistika xərcləri qiymətlər arasında fərqin yaranmasına səbəb olur. Ümumilikdə isə Azərbaycanın neft ixracı dünya bazar qiymətlərinə uyğun və rəqabətədavamlı səviyyədə qalır.
Hesabat dövründə 19,3 milyon bareldən çox neftin dünya bazarına çıxarılması ölkəyə hər barel üzrə orta hesabla 64 dollara yaxın statistik gəlir təmin edib.
MONETAR.AZ