Tailand yanvarda 2,6 milyon xarici turist qəbul edib

Tailand yanvarda 2,6 milyon

Cənub-Şərqi Asiyanın ikinci ən böyük iqtisadiyyatı olan Tailand 2026-cı ilin yanvarın 1–25 tarixlərində 2,62 milyon xarici turisti qəbul edib. Bu dövrdə turizmdən təxminən 129,9 milyard bat (4,1 milyard ABŞ dolları) gəlir əldə olunub ki, bu da ilin güclü başlanğıcı kimi qiymətləndirilir.

Turist axınında Çin 301 484 ziyarətçi ilə birinci yerdə qərarlaşıb. Onu Malayziya və Rusiya izləyib. Hindistan dördüncü, Cənubi Koreya isə beşinci yerdə olub. Bu barədə “Nation Thailand” ölkənin Turizm və İdman Nazirliyinə istinadən məlumat yayıb.

Tailand bu il 36,7 milyon xarici turist qəbul etməyi hədəfləyir ki, bu da ötən illə müqayisədə 13% artım deməkdir. Turizmdən əldə olunacaq gəlirin 2,78 trilyon bat (88,3 milyard ABŞ dolları) olacağı, yəni 7% artacağı gözlənilir.

2025-ci ildə 32,9 milyon beynəlxalq turist qəbul edən Tailand Cənub-Şərqi Asiyada ən çox ziyarət edilən ölkələr arasında Malayziyadan sonra ikinci yeri tutub. Malayziya 42 milyondan çox turist qəbul edib və bununla da Tailand ardıcıl ikinci il regional turizm liderliyini əldən verib.

Regionun digər turizm rəqibi Vyetnam isə yanvar ayında 2,5 milyon xarici turist qəbul edib ki, bu da ölkə tarixində bir ay üzrə ən yüksək göstəricidir.

MONETAR.AZ