Rusiya xam neftinin tədarükü ölkədə neft emalı zavodlarına hücumların artması və Macarıstanla Slovakiyaya boru kəməri tədarükünün dayandırılması fonunda bir qədər yüksəlib. Bu da ixrac həcminin artmasına səbəb olmuş ola bilər. Bu barədə Bloomberg yazır.
Bloomberg-in gəmi izləmə məlumatlarına əsasən, fevralın 15-dək olan 4 həftə ərzində ixrac orta hesabla gündə 3,39 milyon barrel təşkil edib. Bu göstərici fevralın 8-dək olan dövr ilə müqayisədə bir qədər artıb və dördüncü həftə ardıcıl yüksəlişi qeyd olunub, lakin hələ də Milad bayramı öncəsi maksimum səviyyədən gündə təxminən 480 000 barrel aşağıdır.
Tədarük artımı və 4 həftə ərzində orta qiymətlərin yüksəlməsi Kremlin büdcəsinə daxilolmaları demək olar ki, iki ayın maksimumuna çatdırıb.
Yanvarda Rusiya neft hasilatı ikinci ay ardıcıl azalıb və OPEC+ razılaşması çərçivəsində icazə verilən kvotadan gündə təxminən 300 000 barrel aşağı olub. Lakin hasilatın azalmasının ixraca təsiri, ehtimal ki, emal güclərinə yenidən yönələn hücumlarla kompensasiya edilib.
Rusiya neftinin Çinə tədarükü fevralın ilk 15 günü ərzində gündə 2 milyon barreldən çox artıb. Çin tədarükünün sürətlənməsi, dənizdəki Rusiya neftinin həcmini təxminən 140 milyon barrel səviyyəsində sabitləşdirməyə kömək edib.
Gələcəkdə Baltikdən Rusiya tədarükləri hava şəraiti səbəbindən problemlərlə üzləşəcək: neft limanları ətrafında son 15 ilin ən güclü buzlaşması müşahidə olunur. Buzlaşma artıq Ust-Luqadakı bir tanker qəzasına səbəb olub və tədarükləri ləngidə bilər.