Rusiya 16 ilin rekordunda, bəs Azərbaycanda vəziyyət necədir?

Rusiya 16 ilin rekordunda, bəs Azərbaycanda

Rusiyadan gələn son statistik məlumatlar regional iqtisadiyyat üçün "həyəcan təbili" çalır: Şimal qonşumuzda ailə büdcəsinin 40%-i yalnız qidaya gedir.

"Rosstat"ın 2026-cı ilin əvvəlinə olan məlumatına görə, rusiyalıların xərclərində qidanın payı 39%-ə yüksəlib. Bu, inkişaf etmiş ölkələrdəki 13-15%-lik göstəricidən 3 dəfə çoxdur. İqtisadi dildə bu, "yoxsullaşma indikatoru" sayılır. Çünki insan qazandığının böyük hissəsini mədəsinə xərcləyirsə, onun təhsilə, texnologiyaya və inkişafa ayıracaq vəsaiti qalmır.

Azərbaycanın rəsmi statistikasına nəzər salsaq, mənzərə rusiyalı həmkarlarımızdan daha "ağır" görünə bilər. Dövlət Statistika Komitəsinin son illər üzrə hesabatlarına görə, Azərbaycan ailələrinin istehlak xərclərinin təxminən 45-50%-i (bəzi sosial qruplarda daha çox) məhz qida məhsullarının payına düşür.

Ərzaq inflyasiyası son illərdə qlobal və yerli qiymət artımları ən çox məhz gündəlik tələbat mallarına təsir edib. Aşağı və orta gəlirli təbəqənin büdcəsində qida xərcləri mütləq üstünlük təşkil edir. Azərbaycana gətirilən ərzaq məhsullarının əhəmiyyətli hissəsi (eləcə də Rusiya və Qazaxıstandan gələn buğda, yağ və s.) xarici qiymət şoklarına qarşı həssasdır.

Əgər ABŞ vətəndaşı qazancının 13%-i ilə, avropalı isə 20%-i ilə soyuducusunu tam doldura bilirsə, Azərbaycan və Rusiya vətəndaşı büdcəsinin yarısını marketdə qoyub çıxır. Bu isə o deməkdir ki, istirahət və əyləncə lüks hesab olunur. Yığım (depozit) demək olar ki, qeyri-mümkünləşir. Yalnız "yaşamaq üçün yemək" fəlsəfəsinə daxil olur.

Ekspertlər bildirirlər ki, həm Rusiya, həm də Azərbaycan üçün qida xərclərinin payını aşağı salmağın yeganə yolu əhalinin real gəlirlərini artırmaq və yerli istehsal hesabına ərzaq inflyasiyasını cilovlamaqdır. Əks halda, hər iki ölkə inkişaf etmiş dövlətlər siyahısından daha da uzaqlaşaraq, "istehlakçı cəmiyyət"dən "sağ qalmağa çalışan cəmiyyət"ə çevrilmək riski ilə üz-üzə qalacaq.

MONETAR.AZ