Meta ağıllı eynəklərini dioptriya dəstəyi ilə təqdim edib

Meta ağıllı eynəklərini dioptriya dəstəyi ilə

Meta Platforms bugün dioptriya dəstəyi olan iki yeni ağıllı eynək modelini təqdim etdiyini açıqlayıb. Bunlar Ray-Ban Meta Blayzer Optics (Gen 2) və Ray-Ban Meta Scriber Optics (Gen 2) modelləridir və görmə korreksiyasına ehtiyacı olan istifadəçilər üçün nəzərdə tutulub.

Eynəklər daha geniş açılan menteşələr, dəyişdirilə bilən burun dayaqları və tənzimlənən qollarla təchiz olunub. Ön sifarişlər ABŞ-da Meta.com və Ray-Ban.com vasitəsilə $499-dan başlayır. Aprelin 14-dən etibarən məhsul optik mağazalarda və bəzi beynəlxalq bazarlarda satışa çıxarılacaq.

Meta bu məhsulları EssilorLuxottica ilə əməkdaşlıq çərçivəsində hazırlayır. Şirkət ağıllı eynəklər vasitəsilə süni intellekt texnologiyalarını gündəlik istifadəçilərə daha yaxın etməyi hədəfləyir.

Yeni modellərlə yanaşı, mövcud Ray-Ban Meta (Gen 2) seriyası üçün də yeni rəng variantları təqdim edilib. Bundan başqa, Oakley brendi altında Vanguard və HSTN modelləri də yenilənmiş linza texnologiyası ilə təklif olunur.

Proqram təminatı baxımından da yeniliklər var. Meta AI funksiyası istifadəçilərə səsli komanda və ya şəkil vasitəsilə qida qəbulunu qeydə almağa imkan verəcək. Sistem qidanın tərkibini analiz edərək tətbiqdə məlumat təqdim edəcək. Bu funksiya yalnız 18 yaşdan yuxarı istifadəçilər üçün ABŞ-da əlçatan olacaq.

Digər yeniliklərə WhatsApp mesajlarının səsli xülasəsi, həmçinin “Neural Handwriting” funksiyası daxildir. Bu texnologiya istifadəçilərə barmaqla istənilən səth üzərində hərf yazaraq mesaj göndərməyə imkan verir və Instagram, WhatsApp və Messenger kimi tətbiqlərlə inteqrasiya olunub.

Bundan əlavə, Meta-nın piyada naviqasiya funksiyası may ayından etibarən ABŞ-ın bütün şəhərlərində aktiv olacaq və istifadəçilərə eynək ekranı üzərindən addım-addım istiqamətlər təqdim edəcək.

MONETAR.AZ