Qlobal çip istehsalına yeni təhlükə yaranıb

Qlobal çip istehsalına yeni təhlükə

Yaxın Şərqdəki müharibə səbəbindən helium tədarükündə yaranan fasilələr qlobal çip istehsalını azalda bilər. Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Helium süni intellekt sistemləri üçün mikroçiplərin istehsalında istifadə olunan avadanlıqların soyudulmasında mühüm rol oynayır. Lakin Qətərdən təbii qaz ixracının azalması fonunda onun dünya bazarındakı təklifi aşağı düşür. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları zamanı regiondakı zavodlar dəfələrlə zərbələrə məruz qalıb.

WSJ qeyd edir ki, bu qıtlıq bazarda ciddi gərginlik yaradır, çünki belə tədarükləri tez bir zamanda əvəz etmək mümkün deyil. Bu isə yarımkeçiricilərdən tutmuş hərbi dron komponentlərinə və kosmik raketlərə qədər geniş sahələrdə istehsalı çətinləşdirə bilər. Sənaye nümayəndələrinin sözlərinə görə, bir çox istehsalçı hələ dərhal təsir hiss etməsə də, təchizatçılar artıq müştərilərə tədarükdə fasilələr və qiymət artımı ilə bağlı xəbərdarlıq edirlər.

Əvvəllər Qətər heliumu Hörmüz boğazı vasitəsilə ixrac edirdi, lakin hazırda bu marşrut İran donanması tərəfindən bloklanıb. Yaxın günlərdə dəhliz açılsa belə, bazarda yaranmış qıtlığı tez kompensasiya etmək çətin olacaq. İranın Ras Laffan şəhərindəki mayeləşdirilmiş təbii qaz zavoduna edilən zərbələrdən sonra helium ixracı artıq 14% azalıb və istehsal güclərinin bərpası təxminən 5 il çəkə bilər.

Dünyanın ən iri mayeləşdirilmiş təbii qaz istehsalçılarından biri olan Qətər dövlət şirkəti QatarEnergy mart ayının əvvəlində fors-major elan edib. Qərar LNG istehsalının və onunla bağlı məhsulların dayandırılması ilə əlaqədar qəbul olunub.

MONETAR.AZ