2050-ci ilə qədər əhalinin artacağı və azalacağı ölkələr

2050-ci ilə qədər əhalinin artacağı

 Yeni qlobal araşdırmaya əsasən, 2050-ci ilə qədər dünya əhalisinin artımı əsasən müəyyən regionlarda cəmləşəcək, bir sıra iri iqtisadiyyatlarda isə əhali azalacaq. Tədqiqat Birləşmiş Millətlər Təşkilatının “World Population Prospects 2024” məlumatlarına görə dünya əhalisi 2050-ci ilə qədər təxminən 1,4 milyard nəfər artacaq. Lakin bu artım bərabər paylanmayacaq.

Ən sürətli artım göstərən ölkələr sırasında Konqo Demokratik Respublikası liderdir. Bu ölkənin əhalisinin 2050-ci ilə qədər 100 milyondan çox artaraq demək olar iki dəfə böyüməsi gözlənilir. Digər sürətlə artan ölkələrə Niger, Anqola, Somali, Çad və Tanzaniya daxildir.

Ekspertlər qeyd edirlər ki, bu regionda yüksək doğum səviyyəsi və uşaq ölümünün azalması əhali artımının əsas səbəblərindəndir. Bu tendensiya infrastruktur, təhsil və əmək bazarı üzərində təzyiq yaratsa da, iqtisadi inkişaf üçün yeni imkanlar da yarada bilər.

Digər tərəfdən, bir sıra böyük iqtisadiyyatlarda əhali azalması gözlənilir. Xüsusilə Çinin 2050-ci ilə qədər 150 milyondan çox əhali itirəcəyi proqnozlaşdırılır. Həmçinin Yaponiya, İtaliya və Rusiya da əhalinin kəskin azalması ilə üzləşəcək ölkələr sırasındadır.

Araşdırmada qeyd olunur ki, əhali azalması aşağı doğum səviyyəsi və əhalinin qocalması ilə bağlıdır. Bu proseslər iqtisadi artım, əmək bazarı və dövlət maliyyəsinə ciddi təsir göstərə bilər.

Bundan əlavə, Tailand kimi ölkələrdə də əhalinin azalması müşahidə olunacaq ki, bu da demoqrafik geriləmənin artıq daha geniş coğrafiyaya yayıldığını göstərir.

MONETAR.AZ