Avropa Statistika Bürosu (Eurostat) gənclərin müstəqil həyata başlama yaşı ilə bağlı yeni rəqəmləri açıqlayıb. Şimali Avropada gənclər 21 yaşında "öz ayaqları üzərində" durmağa çalışarkən, cənubda bu rəqəm 31-i keçir. Azərbaycan reallığında isə bu məsələ tamamilə fərqli meyarlarla ölçülür: Bizdə evdən ayrılmağın yolu çox vaxt karyeradan deyil, "toy"dan keçir.
Şimalın "soyuq" müstəqilliyi və Cənubun "isti" ailə bağları
Avropadakı bu kəskin fərq təkcə pulla bağlı deyil. Məsələn, Finlandiya və Danimarkada gənclərin erkən yaşda evdən getməsi həm dövlətin tələbələrə dəstəyi, həm də fərdiyyətçi mədəniyyətlə izah olunur. Cənubi Avropada (İtaliya, Yunanıstan) və xüsusən Azərbaycanda isə ailə bağları daha sıxdır. İtalyanların "bamboccioni" (böyük körpələr) adlandırdığı, 30 yaşında hələ də anasının bişirdiyi yeməyi yeyən gənclər tipi bizim cəmiyyət üçün də yad deyil.
Azərbaycan reallığı: İqtisadiyyat, yoxsa mentalitet?
Azərbaycanda gənclərin valideynləri ilə yaşaması bir neçə faktorla bağlıdır:
-
Mənzil bazarının ağırlığı: Bakıda orta aylıq əmək haqqı ilə mənzil kirayələmək və ya ipoteka ödəmək bir gənc üçün kifayət qədər çətindir. Bu, iqtisadi məcburiyyətdir.
-
Milli mentalitet: Bizdə gəncin (xüsusən qızların) ailə qurmadan ayrı evə köçməsi hələ də birmənalı qarşılanmır. Oğlanlar isə çox vaxt ailə qurduqdan sonra da valideynləri ilə eyni evdə qalmağa (xüsusən evin sonbeşiyi) davam edirlər.
-
Təhsil dövrü: Rayonlardan Bakıya oxumağa gələn gənclər məcburi şəkildə 18 yaşında müstəqil həyata başlasalar da, bu, çox vaxt qohum evi və ya yataqxana ilə məhdudlaşır.
"Nə vaxt evlənirsən?" sualı və müstəqillik
Avropalı gənc üçün evdən ayrılmaq "öz işini qurmaq və tək yaşamaq" deməkdirsə, azərbaycanlı gənc üçün bu, çox vaxt "evlənmək" deməkdir. Bizdə müstəqil evə çıxma yaşı orta hesabla ailə qurma yaşı ilə (oğlanlarda 27-29, qızlarda 23-25) üst-üstə düşür. Lakin son illər Bakıda karyera quran və tək yaşamağa üstünlük verən "yeni nəsil" gənclərin sayı artmaqdadır. Bu gənclər daha çox Almaniya və Fransa modelinə (23-24 yaş) yaxınlaşırlar.
Sosioloqlar hesab edir ki, gənclərin valideynlərlə çox uzun müddət yaşaması onların qərarvermə qabiliyyətini və məsuliyyət hissini zəiflədir. Digər tərəfdən isə, Azərbaycan ailə modelindəki bu sıxlıq iqtisadi böhranlar zamanı gənclər üçün "təhlükəsizlik yastığı" rolunu oynayır.
MONETAR.AZ