Aralıq dənizində hərəkət edən lüks kruiz laynerlərindən birində qeyri-adi hadisə ciddi gecikməyə və böyük maliyyə itkilərinə səbəb olub. Hadisə zamanı gömrük bəyannaməsində qeyd olunmayan bir “sərnişin” - ev pişiyi gəmidə təhlükəsizlik prosedurlarının işə düşməsinə yol açıb.
Məlumata görə, bir sərnişin pişiyini gizli şəkildə gəmiyə gətirib. Lakin heyvanın mətbəx bölməsinə daxil olması nəticəsində yanğın siqnalizasiya sistemi aktivləşib və gəmidə fövqəladə təhlükəsizlik protokolları tətbiq olunub.
Siqnalizasiyanın işə düşməsi səbəbindən kruiz layneri planlaşdırılmış marşrutunu dayandıraraq yaxınlıqdakı limana yan almağa məcbur qalıb. Bu isə həm sərnişinlərin səfər planında gecikməyə, həm də əməliyyat xərclərinin artmasına səbəb olub.
Kruiz şirkətinin hesablamalarına görə, hadisə nəticəsində yanacaq sərfi, liman rüsumları və əlavə təhlükəsizlik yoxlamaları daxil olmaqla ümumi zərər təxminən 150 min dollar təşkil edib.
Şirkət rəsmiləri bildiriblər ki, məsul sərnişinə qarşı sərt tədbir görülüb və ona ömürlük kruiz səyahətləri qadağan edilib. Hadisə kruiz sənayesində təhlükəsizlik qaydalarının daha da sərtləşdirilməsi ehtimalını gündəmə gətirib.
MONETAR.AZ