Bakının avtobus parkı 9 faiz genişlənir - gecikmələr aradan qalxacaqmı?

Hazırda Bakıda müntəzəm marşrut xətlərində 2200-dən çox avtobus işləyir. Bu, əlbəttə ki, şəhərin sürətlə artan əhalisi və gündəlik nəqliyyat tələbatını qarşılamağa çalışmaq baxımından əhəmiyyətli bir rəqəmdir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə ,avqust-sentyabr aylarında Bakı şəhərinə 200 yeni və ekoloji təmiz avtobus gətiriləcək.
Əslində, avtobus parkını genişləndirmək müəyyən qədər sərnişin sıxlığını azaltmağa kömək edə bilər. Lakin bu, yalnız fiziki parkın genişlənməsi ilə kifayətlənməməlidir. Xəttin səmərəliliyi, avtobusların işləmə sıxlığı və sürücülərin peşəkarlığı da böyük rol oynayır. Bakıdakı bir çox marşrut xəttində hələ də avtobuslar arasında uzun fasilələr və sərnişinlərə göstərilən qeyri-peşəkar xidmətlər mövcuddur. Sərnişinlər hələ də avtobusları gözləmək məcburiyyətində qalır, çox vaxt isə avtobuslar dolu olduğu üçün dayanacaqlarda yer tapmaq mümkün olmur.
Bu baxımdan, yeni avtobusların sadəcə sayını artırmaq, real sərnişin ehtiyaclarını qarşılamaq üçün kifayət etməyə bilər. Bəlkə də, əsas diqqət yetirilməli olan mövzu bu avtobusların nə qədər effektli şəkildə fəaliyyət göstərəcəyidir. Avtobusların müntəzəm olaraq marşrutlara uyğun işləməsi və sərnişin sıxlığını düzgün nizamlaması üçün daha geniş və dərindən planlaşdırılmış tədbirlər görülməlidir.
Bakı şəhərində artıq bir neçə ildir ki, "ekoloji təmiz avtobuslar" haqqında danışılır, amma bir çox sərnişin hələ də bu nəqliyyat vasitələrinin çoxsaylı çətinliklərlə qarşılaşdığını və tıxaclarda sıxıldığını bildirir. Ekoloji təmiz avtobuslar daha çox reklam məqsədinə xidmət etməməli, əslində bütün nəqliyyat sistemində real keyfiyyət artımı təmin etməlidir.
MODERN.AZ