Dünyada əhalisi sürətlə artan və azalan ölkələr

Dünyada əhalisi sürətlə

 Son 25 ili əhatə edən yeni araşdırma dünya üzrə demoqrafik tendensiyalarda kəskin fərqlərin yarandığını göstərir. Məlumata görə, bəzi ölkələrdə əhali bir neçə dəfə artdığı halda, digərlərində ciddi azalma qeydə alınıb.

Araşdırmaya əsasən, əhalisi ən sürətlə artan ölkə Qətər olub. Bu ölkədə 2000–2025-ci illər ərzində əhali 423 faiz artaraq təxminən 594 min nəfərdən 3,1 milyon nəfərə yüksəlib.

Sonrakı yerlərdə Birləşmiş Ərəb Əmirlikləri (249,7 faiz), Ekvatorial Qvineya (166,6 faiz) və Niger (157 faiz) qərarlaşıb.

Mütəxəssislər bildirirlər ki, xüsusilə Körfəz ölkələrində əhali artımı əsasən miqrasiya hesabına baş verib. Enerji sektoru və iri infrastruktur layihələri bu regiona milyonlarla xarici işçi cəlb edib.

Afrika ölkələrində isə artım daha çox yüksək doğum səviyyəsi və səhiyyə xidmətlərinin yaxşılaşması ilə əlaqələndirilir. Bu baxımdan Anqola, ÇadBurundi kimi ölkələrdə əhali iki dəfədən çox artıb.

Əksinə, ən ciddi azalma Şərqi Avropa regionunda müşahidə olunub. Siyahıya Ukrayna başçılıq edir. Bu ölkədə əhali təxminən 32,5 faiz azalaraq son 25 ildə ən böyük geriləmə qeydə alınıb.

Digər azalma yaşayan ölkələr sırasında Bolqarıstan (-23,2 faiz), Latviya (-21,6 faiz) və Moldova (-18,8 faiz) yer alır.

Ekspertlərə görə bu azalma əsasən aşağı doğum səviyyəsi və əmək qabiliyyətli əhalinin xaricə miqrasiyası ilə bağlıdır. Xüsusilə Avropa İttifaqına inteqrasiya prosesləri Şərqi Avropa ölkələrindən qərb ölkələrinə köçü sürətləndirib.

Ümumilikdə, araşdırma göstərir ki, son illərdə dünya demoqrafiyası iki əsas istiqamətdə inkişaf edir: sürətli artım əsasən Yaxın Şərq və Afrikada, azalma isə daha çox Şərqi Avropada cəmlənir.

MONETAR.AZ