Azərbaycanda müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müraciətlərin qəbulu başlayıb

Azərbaycanda müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müraciətlərin

Azərbaycanda müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak üçün elektron ərizələrin qəbulu mərhələsinə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, müsabiqədə dövlət ümumtəhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışan və ən azı üç tədris ili fasiləsiz iş stajı olan şəxslər iştirak edə bilərlər.

Qeyd olunur ki, daha əvvəl müəllimlərin sertifikatlaşdırılmasından uğurla keçmiş (test və müsahibə mərhələlərini başa vurmuş), müəllimlərin işə qəbulu müsabiqəsində və ya diaqnostik qiymətləndirmədə iki və ya daha çox dəfə iştirak etmiş şəxslər müraciət edərkən ən yüksək topladıqları baldan istifadə edə bilərlər.

Namizədlərə qeydiyyat məlumatlarını diqqətlə doldurmaq və sənədləri düzgün şəkildə yükləmək tövsiyə olunur.

Sosial amillərlə bağlı elektron ərizəyə müvafiq təsdiqedici sənədlər — nikah şəhadətnaməsi və həyat yoldaşının xidmət yerinə dair arayış (hərbçi ailələri üçün), şəhid ailəsi üzvü statusunu təsdiqləyən sənədlər, eləcə də yaşayış və ya qeydiyyat yerini təsdiqləyən arayışlar əlavə edilməlidir.

Bütün sənədlər bir faylda birləşdirilərək sistemə yüklənməlidir.

Qeydiyyat 20 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme saytı vasitəsilə aparılır.

Müraciətlərin qəbulu başa çatdıqdan sonra müsabiqənin növbəti mərhələsi - vakant yerlərin seçimi ilə bağlı məlumat veriləcək.