Dünyada ən güclü pasport hansı ölkəyə məxsusdur?

Beynəlxalq sərnişin daşımaları sahəsində etibarlı mənbə olan Henley Pasport İndeksinin son hesabatına görə Sinqapur pasportu dünyanın ən güclü pasportu adını qazanıb. Sinqapur vətəndaşları əvvəlcədən viza almadan 193 ölkə və əraziyə səyahət edə bilirlər.
Reytinqdə Yaponiya və Cənubi Koreya 190 ölkəyə vizasız giriş imkanı ilə ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə Avropa İttifaqı ölkələrindən Finlandiya, Fransa, Almaniya, İtaliya, İrlandiya, Danimarka və İspaniya bölüşür. Bu ölkələrin vətəndaşları 189 istiqamətə vizasız səyahət edə bilirlər.
ABŞ pasportu siyahıda 10-cu yerdədir və vətəndaşlarına 182 ölkəyə vizasız giriş imkanı verir. Bu azadlıq səviyyəsindən Litva və İslandiya pasport sahibləri də yararlanır.
Siyahının digər ucunda isə vəziyyət kəskin fərqlənir. Əfqanıstan, Suriya və İraq vətəndaşları üçün səyahət imkanları çox məhduddur. Əfqanıstan pasportu 25 istiqamətə vizasız səyahət imkanı ilə reytinqin ən sonunda yer alıb. Suriya pasportu ilə 27, İraq pasportu ilə isə 30 ölkəyə vizasız səyahət mümkündür.
Henley Pasport İndeksi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarına əsaslanır və 199 fərqli pasportu, eləcə də 227 səyahət istiqamətini əhatə edir.
MONETAR.AZ