Tikinti ucuzlaşır, mənzillər niyə bahalaşır?

Azərbaycanda daşınmaz əmlak bazarı maraqlı bir paradoksla üz-üzədir. Rəsmi məlumatlara görə, 2025-ci ilin ilk yarısında yaşayış evlərinin tikintisinə sərf olunan xərclər əhəmiyyətli dərəcədə azalıb. Lakin bu müsbət statistika, mənzil axtarışında olan vətəndaşların bazarda gördüyü reallıqla üst-üstə düşmür. Belə ki, mənzillərin satış qiymətləri azalmaq əvəzinə, artmaqda davam edir.
2025-ci ilin yanvar-iyun aylarında 12 955 mənzildən ibarət yaşayış evlərinin tikintisinə 1 milyard 333 milyon manatdan çox vəsait xərclənib. Bu tikilən evlərin ümumi sahəsi 1 milyon 830 min kvadratmetr təşkil edir.
Hesablamalar göstərir ki, 2025-ci ilin ilk yarısında yaşayış evinin bir kvadratmetrinin tikintisinə orta hesabla 728,5 manat sərf edilib.
Bu rəqəm, ötən ilin eyni dövrü ilə müqayisədə ciddi fərqlənir: 2024-cü ildə bir kvadratmetrin tikintisi 1 089 manata başa gəlirdi. Bu isə o deməkdir ki, yaşayış evlərinin tikintisinə sərf olunan vəsait 360,5 manat, yəni 33% azalıb.
Tikinti xərclərinin azalmasına baxmayaraq, mənzillərin satış qiymətlərinin artması müxtəlif amillərlə izah olunur. Əsas səbəblərdən biri daşınmaz əmlak bazarına olan tələbatın artmasıdır. Xüsusilə Bakı və digər böyük şəhərlərdə mənzilə olan tələbat təklifi üstələyir.
Digər vacib amillər isə ipoteka kreditlərinin əlçatan olması, inflyasiya gözləntiləri və investisiya məqsədilə mənzil almaq istəyən şəxslərin sayının artmasıdır. Vətəndaşlar pullarının dəyərini itirməsinin qarşısını almaq üçün daşınmaz əmlaka investisiya qoymağa üstünlük verirlər, bu da qiymətlərin artmasına səbəb olur.
Qeyd edilən bu vəziyyət göstərir ki, daşınmaz əmlak bazarındakı qiymətlər təkcə tikinti xərclərindən asılı deyil. Bazarda qiymət əmələgəlmə prosesinə tələb və təklif, iqtisadi gözləntilər və şirkətlərin mənfəət siyasəti kimi amillər də təsir göstərir. Bu səbəbdən tikinti xərclərinin azalması birbaşa mənzillərin satış qiymətlərinin enməsinə gətirib çıxarmır.
MONETAR.AZ