"Son dövrlər bizə ünvanlanan suallar içərisində minimum əməkhaqqının nə zaman artırılacağı ilə bağlı sorğular üstünlük təşkil edir".
Bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib. O qeyd edib ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq:
"Bu da minimum əməkhaqqının artımında dövriliyin təmin olunması deməkdir. Eyni zamanda, bununla artımlar qanunla tənzimlənəcək. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir.
Vahid tarif cədvəlində əməkhaqqıları 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksək isə 1150 manatdır. Minimum əməkhaqqının dövri olaraq artırılması praktik olaraq bütün dərəcələrə şamil olunacaq. Bu zaman maaşın minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb ola bilər. Artımın nə zaman baş verəcəyinə gəldikdə isə, Məcəlləyə olan dəyişikliklər dövlət başçısı tərəfindən 23 fevral 2026-cı il tarixində təsdiq edilib. Həmin dəyişikliklərin təsdiqindən sonra minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılmalıdır. Bu o deməkdir ki, dəyişikliyin təsdiq edildiyi tarixdən keçən 1 il müddətində minimum əməkhaqqı məbləğinə ən azı bir dəfə baxılaraq artırılacaq. Müəyyən illərdə daha çox artımlar ola bilər. Xüsusən nəzərə almaq lazımdır ki, minimum əməkhaqqındakı növbəti artımdan sonra proses daha da mütəmadiləşəcək".
MONETAR.AZ