Problemli kredit mütəxəssisi: psixoloq, mühasib, yoxsa dedektiv

Problemli kredit mütəxəssisi:
29 İyul 2025 01:07

Son dövrlərdə bank olmayan kredit təşkilatlarının (BOKT) vakansiya elanlarında bir detal xüsusilə diqqət çəkir: “problemli kreditlərlə iş üzrə mütəxəssis axtarılır. Bir çox BOKT  xüsusilə istehlak kreditləri, lombard xidmətləri və sürətli nağd pul təklif edən qurumlar bu vakansiyanı ardıcıl olaraq elan edirlər. Bu hal maliyyə bazarında və vətəndaşların ödəmə davranışlarında bəzi suallar doğurur: Niyə bu qədər mütəxəssisə ehtiyac var? Kreditlər niyə bu qədər sürətlə “problemli” statusuna keçir?

Son illərdə bank olmayan kredit təşkilatlarının sayı artmaqdadır. Banklara nisbətən daha sadə prosedurlar və daha rahat şərtlərlə kredit təqdim edən bu qurumlar bazarda geniş müştəri qazanıb. Lakin bu “asanlıq”, çox zaman ödəmə qabiliyyəti zəif olan şəxslərə də kreditin verilməsi ilə nəticələnib.

Nəticədə, bir çox vətəndaş kreditləri ödəməkdə çətinlik çəkir və kreditlər “problemli” kateqoriyasına keçir. Bunun ardınca təşkilatlar gecikmiş ödənişləri təqib etmək üçün mütəxəssislərə ehtiyac duyurlar.

Bu vəzifəyə dair elanlara baxdıqda məlum olur ki, BOKT-lar “problemli kreditlərlə iş üzrə mütəxəssis”dən aşağıdakıları gözləyir:

  • Kredit gecikmələrinin təhlili,

  • Müştərilərlə danışıqlar,

  • Borcların restrukturizasiyası,

  • Hüquqi sənədləşmə işləri,

  • Maliyyə qiymətləndirməsi,

  • Hesabatların hazırlanması.

Yəni, sadə dillə desək, həm psixoloji təzyiqə dözümlü, həm hüquqi biliklərə malik, həm də maliyyə savadı zəif olan borclularla “səbirli” davranmağı bacaran çoxşaxəli bir şəxs axtarılır. Bəzən bu tələblərə qarşı təklif edilən maaş isə sadəcə 1000–1400 AZN aralığında olur. Bu isə həm əmək bazarı, həm də iş yükü nəzərə alındıqda, qənaətbəxş sayıla bilməz.

Kredit siyasətində məsuliyyət yalnız borcalanın üzərində olmamalıdır. Problemli kreditlərin çoxalması, əslində kreditvermə prosesindəki boşluqların da nəticəsidir. Lakin bəzi təşkilatlar məsələni sistemli şəkildə analiz etmək və təkmilləşdirmək əvəzinə sadəcə "təzyiq mexanizmini" gücləndirməyə çalışırlar. Bu baxımdan "problemli kredit mütəxəssisi" bir alətə çevrilir – məqsəd isə yalnız və yalnız borcu “çıxarmaq” olur.

Bu yanaşma nə təşkilata, nə müştəriyə, nə də ümumi kredit bazarına fayda verir. Borcunu ödəyə bilməyən şəxslərlə təzyiqə əsaslanan ünsiyyət strategiyası, çox zaman reputasiya risklərini də artırır.

MONETAR.AZ


Oxşar xəbərlər