Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində aqrar maliyyə, sığorta və risk idarəetməsi sistemlərinin təkmilləşdirilməsi xüsusi strateji istiqamət kimi müəyyən olunmuşdur.
Dövlət Proqramında qeyd olunduğu kimi, son illərdə aqrar sahəyə investisiyaların həcmi artsa da, fermerlərin güzəştli kreditlərə, dövriyyə vəsaitlərinə və sığorta mexanizmlərinə çıxış imkanları hələ də məhdud olaraq qalır. Mövcud kredit alətləri kənd təsərrüfatının mövsümi və riskli xarakterinə tam uyğunlaşmadığından, bu, istehsalçıların maliyyə dayanıqlılığına mənfi təsir göstərir. Eyni zamanda, iqlim və bazar risklərinin artması aqrar sığorta sisteminin daha da genişləndirilməsini və risk idarəetmə mexanizmlərinin təkmilləşdirilməsini zəruri edir.
Əsas tədbirlər sırasında maliyyə institutlarının aqrar kreditləşmə üzrə qiymətləndirmə imkanlarının gücləndirilməsi, fermerlərin güzəştli kreditlərə çıxışının yaxşılaşdırılması, kredit–zəmanət–faiz subsidiyası mexanizmlərinin genişləndirilməsi və Aqrar Kredit Kooperativlərinin (AKK) yaradılması xüsusi yer tutur. Bununla yanaşı, aqrar istehsal və emal sektorunda güzəştli maliyyələşmə alətlərinin tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.
Dövlət Proqramına əsasən, aqrar sığorta sahəsində də institusional islahatlar dərinləşdirilir. Sığorta və subsidiya mexanizmləri arasında koordinasiyanın gücləndirilməsi, “Aqrar sığorta” informasiya sisteminin funksional imkanlarının genişləndirilməsi, risk və zərərlərin qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsi və müstəqil ekspert institutunun formalaşdırılması əsas istiqamətlərdəndir. Eyni zamanda, sığorta haqlarının dövlət tərəfindən ödənilən hissəsinin diferensiallaşdırılması da nəzərdə tutulur.
Gözlənilən nəticələrə maliyyə institutlarında aqrar sektor üzrə ixtisaslaşmanın artması, fermerlərin maliyyə resurslarına əlçatanlığının genişlənməsi, dayanıqlı kredit kooperativ sisteminin formalaşması və aqrar sığorta mexanizmlərinin tam elektronlaşdırılması daxildir. Bununla yanaşı, risk xəritələrinin hazırlanması və sığorta xidmətlərinin operativliyinin artırılması da prioritetdir.
Bununla belə, Dövlət Proqramında da qeyd olunduğu kimi, kredit və zəmanət mexanizmlərinin genişləndirilməsi dövlət maliyyə öhdəliklərinin artması riski yarada bilər. Eyni zamanda, aqrar sığorta mexanizmlərinə marağın aşağı olması da potensial risklər sırasındadır. Bu risklərin azaldılması üçün mərhələli tətbiq yanaşması, risk əsaslı prioritetləşdirmə, fermerlərin maliyyə savadlılığının artırılması və məlumatlandırma tədbirlərinin gücləndirilməsi nəzərdə tutulur.
MONETAR.AZ