Azərbaycanda fındıq bağlarının sahəsi azalıb

Azərbaycanda fındıq bağlarının

Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 2022–2025-ci illər ərzində 81 480,3 hektardan 78 912 hektara düşüb. Beləliklə, dörd il ərzində ölkə üzrə fındıq əkinlərinin sahəsi 2 568,3 hektar və ya təxminən 3,2% azalıb.

Monetar.az "Azərbaycanın Kənd Təsərrüfatı Statistik Məcmuəsi 2026"ya istinadən bildirir ki, fındıq bağlarının ən böyük hissəsi Şəki-Zaqatala iqtisadi rayonunun payına düşür. 2025-ci ildə bu regionda fındıq bağlarının sahəsi 56 957,3 hektar təşkil edib. Bu, ölkə üzrə ümumi göstəricinin təxminən 72,2%-nə bərabərdir.

Fındıq bağlarının sahəsinə görə ikinci yerdə Quba-Xaçmaz iqtisadi rayonu qərarlaşıb. Ötən il burada 19 386,2 hektar sahədə fındıq yetişdirilib. Beləliklə, Şəki-Zaqatala və Quba-Xaçmaz regionları birlikdə ölkədəki fındıq bağlarının təxminən 96,8%-ni əhatə edib.

2025-ci ilin göstəricilərinə görə, rayonlar arasında ən böyük fındıq bağları Zaqatalada qeydə alınıb. Bu rayonda əkin sahəsi 20 193,5 hektar olub. Xaçmaz 11 148,8 hektarla ikinci, Balakən 10 650,5 hektarla üçüncü, Qax isə 10 125 hektarla növbəti yerdə qərarlaşıb. Qusarda fındıq bağlarının sahəsi 6 501,1 hektar təşkil edib.

Dördillik dövrdə bəzi iqtisadi rayonlarda göstəricilərin azalması, digərlərində isə artması müşahidə olunub. Quba-Xaçmaz iqtisadi rayonunda fındıq bağlarının sahəsi 2022-ci ildəki 20 552,3 hektardan 2025-ci ildə 19 386,2 hektara, Dağlıq Şirvan iqtisadi rayonunda isə 2 172,9 hektardan 685,5 hektara enib.

Bunun əksinə, Qarabağ iqtisadi rayonunda göstərici 257,7 hektardan 568,3 hektara, Gəncə-Daşkəsən iqtisadi rayonunda 64,5 hektardan 92,6 hektara, Qazax-Tovuz iqtisadi rayonunda isə 752 hektardan 832,7 hektara yüksəlib.

Lənkəran-Astara iqtisadi rayonunda fındıq bağlarının sahəsi 2022-ci ildəki 210,6 hektardan 2025-ci ildə 161,4 hektara düşüb. Şəki-Zaqatala iqtisadi rayonunda isə göstərici 57 239,9 hektardan 56 957,3 hektara qədər azalıb.

Naxçıvan iqtisadi rayonunda fındıq bağlarının ümumi sahəsi 2025-ci ildə 73,3 hektar təşkil edib. Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan, Şərqi Zəngəzur və Şirvan-Salyan iqtisadi rayonlarında isə fındıq bağlarının sahəsi nisbətən məhdud səviyyədə qalıb.