Azərbaycanda iqlimə dayanıqlı aqrar model tətbiq olunacaq

Azərbaycanda iqlimə dayanıqlı

Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsinin ətraf mühitə təsirinin azaldılması və iqlim dəyişikliklərinə uyğun dayanıqlı aqrar istehsal modelinin gücləndirilməsi məqsədilə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində yeni strateji tədbirlər müəyyən edilib. Bu yanaşma kənd təsərrüfatında ekoloji tarazlığın qorunmasını və uzunmüddətli məhsuldarlığın təmin olunmasını hədəfləyir.

Sənəddə qeyd olunur ki, kənd təsərrüfatı fəaliyyəti təbii resurslardan birbaşa asılı olduğuna görə ətraf mühitə təsiri yüksəkdir və bu səbəbdən dayanıqlı inkişaf prinsiplərinin tətbiqi vacib hesab edilir. Eyni zamanda iqlim dəyişiklikləri, temperaturun artması, quraqlıq və resurslara təzyiq aqrar istehsalın sabitliyinə ciddi risklər yaradır.

Proqram çərçivəsində kənd təsərrüfatında bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi planlaşdırılır. Bundan əlavə, aqrar sektorda istixana qazı emissiyalarının monitorinqi və hesabatlılıq sisteminin yaradılması nəzərdə tutulur ki, bu da sektorun ekoloji təsirinin ölçülməsinə imkan verəcək.

Sənəddə həmçinin ənənəvi ərzaq və kənd təsərrüfatı sistemlərinin dayanıqlılığını artırmaq məqsədilə pilot layihələrin həyata keçirilməsi və iqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin qurulması planlaşdırılır.

Gözlənilən nəticələrə əsasən, bərpa olunan enerji mənbələrindən istifadə edən təsərrüfatların sayı 15-ə çatdırılacaq, aqrar sektorda emissiyaların monitorinq sistemi formalaşdırılacaq, ölkə üzrə ən azı 3 milli əhəmiyyətli aqrar irs sistemi müəyyən ediləcək və prioritet regionlarda erkən xəbərdarlıq mexanizmləri tam fəaliyyətə başlayacaq.

Lakin sənəddə qeyd olunur ki, bu islahatların icrası zamanı institusional və maliyyə çətinlikləri yarana bilər. Bu risklərin azaldılması üçün dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi, beynəlxalq təcrübənin tətbiqi və yaşıl texnologiyaların təşviqinin genişləndirilməsi nəzərdə tutulur.

Ümumilikdə, proqram Azərbaycanda kənd təsərrüfatının ekoloji dayanıqlığının artırılması və iqlim dəyişikliklərinə uyğunlaşdırılması baxımından mühüm mərhələ hesab olunur.

MONETAR.AZ