Baytarlıq və fitosanitar xidmətlər sisteminin gücləndirilməsi nəzərdə tutulur

Baytarlıq və fitosanitar xidmətlər sisteminin

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda Baytarlıq və fitosanitar xidmətlər sistemi aqrar sektorun dayanıqlı inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında və ixrac potensialının gücləndirilməsində mühüm rol oynayan strateji sahələrdən biri kimi müəyyən edilir. Dövlət Proqramında qeyd olunur ki, son illərdə bu istiqamətdə laboratoriya infrastrukturunun yenilənməsi, institusional potensialın artırılması və beynəlxalq standartlara uyğunlaşma sahəsində əhəmiyyətli addımlar atılsa da, nəzarət və monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və rəqəmsal idarəetmənin genişləndirilməsi zərurət olaraq qalır.

Hazırkı mərhələdə əsas prioritetlərdən biri heyvan sağlamlığı və bitki mühafizəsi üzrə nəzarət sistemlərinin modernləşdirilməsidir. Zərərli orqanizmlərin erkən aşkarlanması, risklərin operativ qiymətləndirilməsi və rəqəmsal monitorinq sistemlərinin tətbiqi aqrar istehsalda itkilərin azaldılmasına xidmət edir. Eyni zamanda, ölkə üzrə heyvanların dəqiq uçotunun aparılması və identifikasiya sistemlərinin formalaşdırılması sahədə şəffaflığın və idarəetmə səmərəliliyinin artırılmasına imkan yaradır.

Dövlət Proqramına əsasən, bu istiqamətdə heyvandarlıq sahəsində normativ hüquqi aktların yenilənməsi, dövlət baytarlıq xidmətlərinin gücləndirilməsi, baytarlıq preparatları ilə təminat sisteminin təkmilləşdirilməsi, eləcə də xəstə heyvanların emalı və utilizasiya infrastrukturunun inkişaf etdirilməsi nəzərdə tutulur. Bitkiçilik sahəsində isə zərərli orqanizmlərin aşkarlanması sistemlərinin tətbiqi, inteqrir bitki mühafizə tədbirlərinin genişləndirilməsi və fumiqasiya infrastrukturunun modernləşdirilməsi əsas prioritetlərdəndir.

Rəqəmsallaşma bu sahədə idarəetmənin effektivliyini artıran əsas amillərdən biridir. Baytarlıq və fitosanitar xidmətlərdə monitorinq və nəzarətin elektron sistemlər vasitəsilə təşkili qərarvermə prosesini sürətləndirir və risklərin daha erkən mərhələdə aşkarlanmasına şərait yaradır. Bununla yanaşı, beynəlxalq standartlara uyğun laboratoriya şəbəkəsinin formalaşdırılması keyfiyyətə nəzarətin gücləndirilməsinə xidmət edir.

Gözlənilən nəticələr sırasında beynəlxalq standartlara uyğun normativ hüquqi bazanın formalaşdırılması, rəqəmsal monitorinq və xəbərdarlıq sistemlərinin tətbiqi, inteqrir mübarizə üsullarından istifadə edən təsərrüfatların sayının artması və xidmətlərin əlçatanlığının yüksəldilməsi mühüm yer tutur. Eyni zamanda, ölkə üzrə heyvan identifikasiya sisteminin tam yekunlaşdırılması və laborator infrastrukturun müasirləşdirilməsi əsas hədəflər kimi müəyyən edilir.

Bununla belə, sahənin inkişafında ixtisaslı kadr çatışmazlığı və institusional koordinasiya problemləri əsas risklər olaraq qalır. Dövlət Proqramına uyğun olaraq, bu risklərin azaldılması üçün kadr hazırlığının gücləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, məlumat mübadiləsi sistemlərinin təkmilləşdirilməsi və idarəetmə mexanizmlərinin modernləşdirilməsi nəzərdə tutulur.

MONETAR.AZ