Toxumçuluq və damazlıqda yeni mərhələ: genetik potensialı gücləndirilir 

Toxumçuluq və damazlıqda yeni mərhələ:

Azərbaycan Respublikasında kənd təsərrüfatının məhsuldarlığının, keyfiyyətinin və rəqabət qabiliyyətinin artırılması məqsədilə toxumçuluq və damazlıq sahələrinin inkişafı üzrə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində genişmiqyaslı tədbirlər nəzərdə tutulur. Bu istiqamət aqrar sektorun uzunmüddətli dayanıqlığının təmin olunmasında əsas strateji sahələrdən biri kimi qiymətləndirilir.

Sənəddə qeyd olunur ki, hazırda toxumçuluq sahəsində normativ hüquqi bazanın və keyfiyyətə nəzarət mexanizmlərinin beynəlxalq standartlara tam uyğunlaşdırılmasına ehtiyac var. Eyni zamanda damazlıq sistemində uçot, seleksiya və idarəetmə proseslərinin təkmilləşdirilməsi zəruri hesab edilir. Sahənin inkişafına mane olan əsas amillər sırasında məhdud seleksiya proqramları, tam formalaşmamış uçot sistemi və peşəkar kadr çatışmazlığı göstərilir.

Proqram çərçivəsində toxumçuluq və tingçilik sahəsinin inkişafı üçün hüquqi və institusional mexanizmlərin gücləndirilməsi, keyfiyyətə nəzarət sistemlərinin təkmilləşdirilməsi və seleksiya proqramlarının genişləndirilməsi planlaşdırılır. Eyni zamanda bitkiçilik və heyvandarlıq sahələrində müasir seleksiya və damazlıq proqramlarının tətbiqi nəzərdə tutulur.

Əhəmiyyətli istiqamətlərdən biri də genetik ehtiyatların qorunmasıdır. Bu məqsədlə yerli heyvan cinsləri və bitki növləri üzrə genetik material banklarının yaradılması, kolleksiyaların formalaşdırılması və milli atçılıq irsinin qorunması planlaşdırılır.

Gözlənilən nəticələrə əsasən, toxum istehsalında özünütəminat səviyyəsinin artırılması, idxal olunan toxumlara dövlət nəzarətinin gücləndirilməsi və keyfiyyətə tam nəzarət sisteminin qurulması hədəflənir. Bundan əlavə, seleksiya nailiyyətlərinin dövlət reyestrinin yaradılması, patent və müəlliflik hüquqlarının qorunması, eləcə də müasir metodlara əsaslanan seleksiya proqramlarının tətbiqi nəzərdə tutulur.

Heyvandarlıq və balıqçılıq sahəsində də müasir damazlıq proqramlarının həyata keçirilməsi, itmək təhlükəsi olan yerli genetik resursların qorunması və bu istiqamətdə məlumat bazalarının yaradılması planlaşdırılır. Eyni zamanda cins atların genetik analizləri aparılacaq və işğaldan azad edilmiş ərazilərdə atçılıq zavodunun yaradılması nəzərdə tutulur.

Lakin sənəddə qeyd olunur ki, bu tədbirlərin icrası zamanı əsas risklərdən biri peşəkar mütəxəssis çatışmazlığı və institusional zəifliklərdir. Bu risklərin azaldılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat institutlarının cəlb olunması və müasir idarəetmə təcrübələrinin tətbiqi planlaşdırılır.

Ümumilikdə, proqram Azərbaycanın aqrar sektorunda genetik potensialın gücləndirilməsi və yüksək məhsuldarlığın təmin edilməsi baxımından mühüm strateji addım kimi qiymətləndirilir.

MONETAR.AZ