2025-ci ildə 422 nəfər 3-5 mənzil alıb

2025-ci ildə 422 nəfər

2025-ci ildə mənzil bazarında eyni alıcının il ərzində bir neçə mənzil alması halları da qeydə alınıb.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin məlumatına görə il ərzində ümumilikdə 37 568 unikal alıcı mənzil alıb. Onların 34 168-i və ya 90,9%-i yalnız 1 mənzil əldə edib.

Eyni zamanda, 2969 alıcı il ərzində 2 mənzil alıb. Bu qrup bütün alıcıların 7,9 %-ni təşkil edib və onların payına ümumilikdə 5 938 əqd, yaxud bütün əqdlərin 14,3 %-i düşüb.

İl ərzində 3–5 mənzil alanların sayı isə 422 nəfər olub. Bu, ümumi alıcıların 1,1%-nə bərabərdir. Sözügedən alıcılar üzrə ümumilikdə 1 442 əqd rəsmiləşdirilib və bu, bütün əqdlərin 3,4%-ni təşkil edib.

Daha çox sayda mənzil alanların sayı isə olduqca az olub. Belə ki, 2025-ci ildə 6 və daha çox mənzil alan 9 alıcı qeydə alınıb. Bu qrup üzrə 58 əqd bağlanıb.

Ümumilikdə, 2025-ci ildə qeydə alınan 41 606 mənzil əqdinin 82,2%-i yalnız bir mənzil alan şəxslərin payına düşüb. İki mənzil alanların payı 14,3%, 3–5 mənzil alanların payı 3,4%, 6 və daha çox mənzil alanların payı isə 0,1% olub.

Beləliklə, məlumatlar göstərir ki, mənzil bazarında alıcıların böyük əksəriyyəti il ərzində yalnız bir mənzil alıb. Bir neçə mənzil alanlar isə ümumi alıcıların 9,1%-ni təşkil etsə də, onların bağladığı əqdlərin sayı bazardakı bütün əməliyyatların 17,8%-nə çatıb.

MONETAR.AZ