Kanada Filippin və ASEAN ilə azad ticarət sazişlərini yekunlaşdırmağa çalışır

Kanada Filippin və ASEAN ilə azad ticarət sazişlərini

Kanada Filippin və ASEAN ölkələri ilə azad ticarət sazişləri üzrə danışıqları yekunlaşdırmağa yaxınlaşıb. Ölkənin ticarət naziri Manider Sidhu bildirib ki, hər iki istiqamətdə danışıqların 90 faizdən çoxu tamamlanıb və Kanada sazişləri Baş nazir Mark Karninin noyabrda Manilaya səfərinədək yekunlaşdırmağa çalışır.

Sidhu Manilada Cənub-Şərqi Asiya ölkələrinin iqtisadiyyat nazirlərinin görüşləri çərçivəsində “Reuters”ə müsahibəsində tərəflərin razılaşma əldə etməkdə maraqlı olduğunu və bunun danışıqların başa çatdırılması baxımından əsas amillərdən biri olduğunu deyib.

Kanada hökuməti Cənub-Şərqi Asiya ilə ticarət əlaqələrinin genişləndirilməsini qlobal iqtisadi qeyri-müəyyənlik fonunda tərəfdaşların və təchizat zəncirlərinin şaxələndirilməsi strategiyasının bir hissəsi kimi qiymətləndirir. Sidhu bu siyasətin konkret bir ölkənin qərarlarına cavab olmadığını vurğulayaraq, diversifikasiyanın Kanada üçün uzunmüddətli strategiya olduğunu bildirib.

Nazirin sözlərinə görə, energetika Kanada ilə Cənub-Şərqi Asiya arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri ola bilər. Region ölkələri enerji mənbələrini şaxələndirməyə çalışdığı bir vaxtda Kanadanın Sakit okean sahilində inkişaf etdirilən mayeləşdirilmiş təbii qaz (LNG) layihələri Asiya bazarlarına əlavə tədarük imkanları yaradır.

Hazırda Kanadanın Sakit okean sahili boyunca müxtəlif inkişaf mərhələlərində beşdən çox LNG layihəsi həyata keçirilir. Layihələrin əsas hədəf bazarlarının Asiya ölkələri olduğu bildirilir. Sidhu Cənub-Şərqi Asiya dövlətlərinin bir qisminin enerji idxalından yüksək dərəcədə asılı olduğunu və qlobal enerji bazarında yaranan fasilələrin bu ölkələr üçün təchizat risklərini artırdığını qeyd edib.

O bildirib ki, Kanada enerji qiymətlərinin sabitləşdirilməsinə və enerji təchizatı zəncirlərinin möhkəmləndirilməsinə töhfə verə bilər.

Kanada Filippində investisiya imkanlarını da genişləndirməyə çalışır. Sidhu ölkəsinin Filippinin əsas adasında yerləşən Luzon iqtisadi dəhlizinin inkişafına maliyyə dəstəyi verdiyini bildirib. Onun sözlərinə görə, energetika, məlumat mərkəzləri və əlaqədar infrastruktur Kanada şirkətləri üçün potensial investisiya istiqamətləri sırasındadır.

Nazir Filippində süni intellekt və rəqəmsal xidmətlərə tələbatın artması fonunda məlumat mərkəzləri sektorunun da sürətlə inkişaf etdiyini və Kanada investorlarının bu sahədə yaranan imkanları nəzərdən keçirdiyini deyib.

Sidhu Filippinlə mümkün ticarət sazişi çərçivəsində konkret investisiya məbləğlərini açıqlamasa da, belə razılaşmaların şirkətləri yeni layihələr və əməkdaşlıq imkanlarını araşdırmağa təşviq etdiyini vurğulayıb. Onun sözlərinə görə, dövlətlərarası daha sıx iqtisadi əlaqələr biznes üçün uzunmüddətli əməkdaşlıq imkanlarına dair əlavə siqnallar yaradır.

MONETAR.AZ