Çin dünya üzrə rəqəmsal avadanlıq və elektronika istehsal gücünün 58,8 faizini təşkil edir. İlk dörd ölkənin ümumi payı isə 80,5 faizə çatır.
Monetar.az xəbər verir ki, dünya elektronika istehsalı əsasən Şərqi Asiyada cəmləşib.
Çin 58,8 faizlə siyahıda böyük fərqlə ilk sıradadır. Tayvan 10,2 faizlə ikinci, Cənubi Koreya 6,7 faizlə üçüncü, Yaponiya isə 4,8 faizlə dördüncü yerdə qərarlaşıb.
Beləliklə, yalnız Çin, Tayvan (Çin), Cənubi Koreya və Yaponiyanın dünya rəqəmsal avadanlıq istehsal gücündə payı 80,5 faiz təşkil edir.
Çinin 58,8 faizlik göstəricisi Tayvanın payından təxminən 5,8 dəfə çoxdur. Eyni zamanda, Çinin istehsal gücü siyahıda yer alan digər bütün ölkələrin ümumi payından daha yüksəkdir.
Elektronika istehsalında Hindistan 3,8 faizlə beşinci, Vyetnam 3,6 faizlə altıncı, ABŞ isə 2,9 faizlə yeddinci yerdədir.
Siyahıda Taylandın payı 1,3 faiz, Meksikanın 1,2 faiz, Almaniyanın və Sinqapurun hər birinin 0,7 faiz, Malayziyanın 0,6 faiz təşkil edib.
Cənub-Şərqi Asiya ölkələri də elektronika istehsalında mövqelərini gücləndirir. Vyetnam dünya istehsal gücünün 3,6 faizinə, Tayland 1,3 faizinə, Sinqapur 0,7 faizinə, Malayziya 0,6 faizinə, İndoneziya isə 0,3 faizinə sahibdir.
ABŞ elektronika istehsalında Asiya ölkələrindən geri qalsa da, yarımkeçiricilərin hazırlanması və texnologiya sahəsində böyük paya malikdir. ABŞ-da yerləşən şirkətlər 2025-ci ildə qlobal yarımkeçirici satışlarının 53,4 faizini təmin edib.
Məlumata görə, 2020-ci ildən etibarən yarımkeçirici şirkətləri ABŞ-da çip istehsalı, qabaqcıl qablaşdırma, materiallar, avadanlıq və tədqiqat sahələrində 160 layihə üzrə 770 milyard dollardan çox özəl investisiya elan ediblər.