2026-cı ildə dünyanın ən böyük 25 aviaşirkətinin illik gəlirləri açıqlanıb. İlk 3 pillədə ABŞ şirkətləri qərarlaşıb.
Monetar.az xəbər verir ki, Visual Capitalist-in CompaniesMarketCap məlumatları əsasında hazırladığı siyahıya görə, ilk üçlükdə Delta Air Lines, United Airlines və American Airlines yer alıb.
Delta Air Lines 68,3 milyard dollar illik gəlirlə siyahının ilk pilləsində qərarlaşıb. United Airlines 62,9 milyard dollar, American Airlines isə 56 milyard dollar gəlirlə növbəti yerləri tutub.
Beləliklə, yalnız ilk üç ABŞ aviaşirkətinin ümumi illik gəliri 187,2 milyard dollara çatıb.
Avropanın ən yüksək gəlirli aviaşirkəti isə Almaniyanın Lufthansa şirkətidir. Onun illik gəliri 47,1 milyard dollar təşkil edib.
İspaniya və Böyük Britaniyanın aviaşirkətlərini birləşdirən International Consolidated Airlines 39,1 milyard dollar gəlirlə beşinci, Fransa və Niderlandın Air France-KLM şirkəti isə 36 milyard dollar gəlirlə altıncı olub.
ABŞ-ın daha bir aviaşirkəti – Southwest Airlines 28,9 milyard dollar gəlirlə yeddinci sırada yer alıb.
Asiyanın ən yüksək gəlirli aviaşirkətləri isə Çin şirkətləridir. China Southern Airlines 25,3 milyard dollar, Air China 23,6 milyard dollar, China Eastern Airlines isə 19,4 milyard dollar illik gəlir əldə edib.
Siyahıda İrlandiyanın Ryanair şirkəti 18,2 milyard dollar, Cənubi Koreyanın Korean Air Lines şirkəti 17,8 milyard dollar, Kanadanın Air Canada şirkəti 16,1 milyard dollar və Sinqapur Hava Yolları 16 milyard dollar gəlirlə yer alıb.
Reytinqdə Avstraliyanın Qantas Airways şirkətinin illik gəliri isə 15,4 milyard dollar göstərilib.