“Biletim.az” portalında yeni funksiya istifadəyə verilib

“Biletim.az” portalında yeni funksiya

Sərnişinlərin bilet əldə etməsini və səfərlərini daha rahat planlaşdırmasını təmin etmək məqsədilə “biletim.az” portalında yeni funksionallıq istifadəyə verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, yeni funksiya vasitəsilə vətəndaşlar səfər etmək istədikləri reys üzrə bilet axtarışı zamanı boş yer olmadıqda bildiriş xidmətini aktivləşdirə biləcəklər. Həmin reys üzrə sonradan boş yer yarandığı təqdirdə istifadəçiyə sistem tərəfindən avtomatik bildiriş göndəriləcək.

Yeni imkan sərnişinlərin bilet əldə etmək prosesini asanlaşdırmaqla yanaşı, portalın istifadəsini də daha rahat edir.

“biletim.az” platformasında bundan əvvəl də sərnişinlərin işini asanlaşdıran bir sıra funksiyalar istifadəyə verilib. Belə ki, istifadəçilər şəxsiyyət vəsiqələrinin məlumatlarını telefon vasitəsilə skan edərək tələb olunan məlumatları daha sürətli doldura bilirlər. Bu da bilet alışının daha qısa müddətdə tamamlanmasına imkan yaradır.

Bundan başqa, istifadəçilər portala 5 şəxsiyyət vəsiqəsi və 5 xarici pasportun məlumatlarını əlavə edə bilirlər. Vətəndaşlara “biletim.az” tətbiqi və saytı üzərindən gediş-gəliş olmaqla hər iki istiqamət üzrə elektron bilet əldə etmək imkanı da yaradılıb.

Platformaya giriş zamanı “myGov ID ilə giriş” funksiyasından istifadə etməklə portala daha sürətli daxil olmaq mümkündür. Bu funksiya vasitəsilə istifadəçilər əvvəldən əldə etdikləri elektron biletlər üzrə yerdəyişmə və ya bilet dəyişdirmə əməliyyatlarını da həyata keçirə bilirlər.