“Volkswagen ID. Buzz” elektrik miniveni təxminən 100 min kilometrlik dünya səyahətindən sonra Ginnesin Rekordlar Kitabına daxil edilib. Avtomobil 445 gün ərzində altı qitədə 92 ölkəni ziyarət edib və səfər boyunca heç bir texniki nasazlıqla üzləşməyib.
Rekord Hannoverdə keçirilən “IAA Transportation” sərgisində rəsmiləşdirilib. Ginnesin Rekordlar Kitabının nümayəndəsi müvafiq sertifikatı layihənin sürücüsü və təşkilatçısı Rayner Tsitlova təqdim edib. Nailiyyət “Bir səyahət ərzində batareyalı elektrik avtomobili ilə ziyarət edilən ən çox ölkə” kateqoriyasında qeydə alınıb.
99,8 min kilometr uzunluğundakı dünya turu 1 iyul 2025-ci ildə Hannoverdə, “ID. Buzz” modelinin istehsal olunduğu zavodun ərazisindən başlayıb. Avtomobil altı qitəni əhatə edən marşrutu tamamlayaraq yenidən Almaniyaya qayıdıb. Səfər zamanı 300-dən çox enerji doldurma sessiyası keçirilib, avtomobil isə 16 dəfə konteynerlə dəniz yolu ilə daşınıb.
“Volkswagen”in məlumatına görə, marşrut başa çatdıqdan sonra Almaniyanın müstəqil “TÜV Nord” şirkəti avtomobilin dartı batareyasını yoxlayıb. Yoxlama nəticəsində batareyanın ilkin tutumunun 95,75 faizinin qorunduğu müəyyən edilib.
Layihənin sürücüsü Rayner Tsitlov isə səfərin əsas nəticəsini avtomobilin bütün marşrut boyunca texniki problem yaşamamasında gördüyünü bildirib. Rekord səfərində uzadılmış təkər bazasına və 86 kilovat-saat tutumlu batareyaya malik seriyalı “Volkswagen ID. Buzz Pro” modelindən istifadə olunub.
Modelin WLTP standartına əsasən maksimal yürüş məsafəsi 480 kilometrə qədərdir. Sürətli enerji doldurma gücü 200 kilovata çatır və bu, batareyanın 10 faizdən 80 faizə qədər doldurulmasını yarım saatdan az müddətdə həyata keçirməyə imkan verir.
Dünya turu eyni zamanda müxtəlif ölkələrdə elektrik avtomobilləri üçün enerji doldurma infrastrukturunun inkişaf səviyyəsindəki fərqləri də üzə çıxarıb. Layihə iştirakçılarının sözlərinə görə, Afrikanın bəzi ölkələrində, o cümlədən Zambiya və Tanzaniyada doldurma məntəqələri tapmaq olduqca çətin olub. Cənubi Afrika, Mərakeş və Ruandada isə artıq əsas enerji doldurma şəbəkəsinin formalaşdığı müşahidə edilib.
Səudiyyə Ərəbistanında isə elektrik avtomobilləri üçün enerji doldurma imkanlarının Almaniyadakı infrastruktura daha yaxın səviyyədə olduğu qeyd edilib. Beləliklə, “ID. Buzz”ın dünya səyahəti təkcə yeni rekordla deyil, müxtəlif regionlarda elektrik nəqliyyatının inkişafı və enerji doldurma infrastrukturunun vəziyyəti ilə bağlı praktiki müşahidələrlə də yadda qalıb.
MONETAR.AZ