2027-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslərin əmək gəlirlərinə tətbiq olunan gəlir vergisi mexanizmində dəyişiklik nəzərdə tutulur. Yeni yanaşma ilə gəlir artdıqca tətbiq olunan vergi dərəcəsi də yüksələcək.
Yeni qaydaya əsasən, 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək aylıq vergitutulan gəlir üç pillə üzrə hesablanacaq. Aylıq gəliri 2500 manatadək olan şəxslər gəlirlərinin 5 faizini vergi kimi ödəyəcəklər. 2500-8000 manat aralığında gəlir əldə edənlər üçün vergi 125 manat və 2 500 manatdan yuxarı hissənin 10 faizi əsasında hesablanacaq.
Aylıq gəliri 8000 manatdan çox olan şəxslər isə 675 manat və 8 000 manatdan artıq hissənin 14 faizi həcmində gəlir vergisi ödəyəcəklər.
Maaşlara real təsiri necə olacaq?Yeni mexanizmin təsirini konkret rəqəmlərlə görmək mümkündür.
Məsələn, aylıq vergitutulan gəliri 1500 manat olan şəxsin gəlir vergisi 75 manat təşkil edəcək. Bu halda effektiv vergi yükü 5 faizdir.
4 000 manat aylıq gəlir əldə edən şəxsin ödəyəcəyi gəlir vergisi isə 275 manat olacaq. Beləliklə, effektiv vergi yükü 6,88 faizə yüksəlir.
Aylıq gəliri 10 000 manat olan şəxs üçün isə gəlir vergisi 955 manat təşkil edəcək. Bu gəlir səviyyəsində effektiv vergi yükü 9,55 faizə çatır.
Burada diqqət çəkən məqam ondan ibarətdir ki, gəlirin hamısına daha yüksək faiz tətbiq edilmir. Daha yüksək dərəcə yalnız müvafiq həddi keçən hissəyə tətbiq olunur.
Kim daha çox vergi ödəyəcək?Yeni sistem gəlir səviyyəsi yüksəldikcə vergi ödənişinin də artmasını nəzərdə tutur. Buna görə aşağı gəlir qrupları ilə yüksək gəlir əldə edən şəxslər arasında vergi yükünün fərqlənməsi daha aydın görünəcək.
Məsələn, 2 500 manat gəlir əldə edən şəxs 125 manat vergi ödədiyi halda, 10 min manat gəlir əldə edən şəxsin vergi ödənişi 955 manata çatır.
Bu baxımdan yeni mexanizmin əsas xüsusiyyəti verginin gəlirlə birlikdə mərhələli şəkildə artmasıdır.
Əsas məsələ xalis maaşdırİşçi üçün isə əsas göstərici hesablanmış vergi deyil, ayın sonunda əldə etdiyi xalis gəlirdir. Buna görə yeni vergi mexanizminin əmək bazarına təsirini qiymətləndirərkən yalnız vergi dərəcələrinə deyil, sosial sığorta və digər məcburi ödənişlərlə birlikdə ümumi tutulmalara baxmaq lazım olacaq.
Eyni zamanda, işəgötürənlərin əməkhaqqı siyasəti də mühüm rol oynayacaq. Vergi yükünün dəyişməsi yüksək maaşlı işlər üzrə əməkhaqqının formalaşmasına, işəgötürənin əmək xərclərinə və bəzi hallarda əmək münasibətlərinin strukturuna təsir göstərə bilər.
2027-ci ildən tətbiqi nəzərdə tutulan mexanizm bu baxımdan yalnız vergi məsələsi deyil, həm də əmək gəlirlərinin və işəgötürən xərclərinin necə dəyişəcəyinə dair mühüm iqtisadi göstəriciyə çevriləcək.
MONETAR.AZ