Laqard: Faiz qərarları neft və qaz qiymətlərindən birbaşa asılı deyil

Laqard: Faiz qərarları neft və qaz qiymətlərindən

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard bildirib ki, tənzimləyicinin faiz dərəcələri neft və qaz qiymətlərinin dinamikasını birbaşa izləmir. Onun açıqlaması enerji daşıyıcılarının bahalaşması fonunda bazar iştirakçılarının AMB-dən əlavə üç-dörd faiz artımı gözləntilərini artırdığı bir vaxta təsadüf edib.

Laqard Dublində keçirilən mətbuat konfransında qeyd edib ki, enerji qiymətlərinin dəyişməsi yalnız inflyasiyaya deyil, iqtisadi artım, istehlak və digər mühüm göstəricilərə də təsir edir. Onun sözlərinə görə, AMB faiz dərəcələri ilə bağlı qərar qəbul edərkən enerji bazarındakı vəziyyətlə yanaşı, iqtisadiyyata təsir göstərən bütün bu amilləri nəzərə alır.

AMB prezidenti rəqəmsal avronun tətbiqi ilə bağlı planlar barədə də danışıb. O, rəqəmsal avroya dair qanunvericiliyin bu il qəbul ediləcəyinə ümid etdiyini bildirib. Rəqəmsal avro üzrə pilot proqramın isə 2027-ci ilin ortalarında həyata keçirilməsi planlaşdırılır.

Laqard hazırkı iqtisadi vəziyyətin əsas xüsusiyyətlərindən birinin yüksək qeyri-müəyyənlik olduğunu vurğulayıb. Onun sözlərinə görə, enerji qiymətləri, inflyasiya və iqtisadi artımla bağlı dəyişən şərtlər AMB-nin gələcək pul siyasəti qərarlarında əsas diqqət yetirilən amillər sırasında qalır.

MONETAR.AZ