“Apple” fotonun həqiqətən “iPhone” kamerası ilə çəkildiyini təsdiqləməyə imkan verən yeni texnologiyasının iş prinsipi barədə əlavə məlumat açıqlayıb. “Apple Reference Image” adlandırılan sistem fotoşəkilin mənbəyinin və sonradan dəyişdirilmədiyinin kriptoqrafik üsullarla təsdiqlənməsini nəzərdə tutur.
Texnologiya “iPhone 18 Pro” istifadəçisi “Reference” rejimini aktivləşdirdikdə işləyir. Şəkil çəkilən zaman əsas kameranın sensorundan əldə olunan məlumatlara rəqəmsal imza əlavə olunur. Sistem həmçinin çəkilişin dəqiq vaxtını təsdiqləyən zaman möhürlərindən istifadə edir. Bu məlumatlar çəkilişdən əvvəl və sonra ayrıca qeydə alınaraq təsvirin sonradan dəyişdirilməsinin qarşısını almağa xidmət edir.
Çəkiliş zamanı əldə edilən məlumatlar daha sonra “rəqəmsal neqativ” şəklində paketlənərək “Apple”ın bulud infrastrukturuna göndərilir. Sistem burada kriptoqrafik imzaları yoxlayır, sensor və prosessorun eyni cihazda yerləşdiyini təsdiqləyir və təsvirin birbaşa həmin kameradan əldə edildiyini müəyyənləşdirir.
Yoxlama uğurla başa çatdıqdan sonra xam görüntü üzərində standart görüntü emalı həyata keçirilir. Bu mərhələdə rəqəmsal küy azaldılır, rənglər tənzimlənir və foto JPEG formatında saxlanılır. Bundan sonra görüntüyə yekun rəqəmsal imza əlavə olunur.
“Apple Reference Image” sistemində yekun imza RSA-3072 və ML-DSA-87 alqoritmlərinin kombinasiyasına əsaslanır. ML-DSA-87 post-kvant kriptoqrafik alqoritm olduğundan sistemin gələcəkdə kvant kompüterlərinin yaratdığı potensial kiberhücumlara qarşı dayanıqlığının artırılması hədəflənir.
Texnologiyanın digər xüsusiyyəti isə kamera sensorunun təhlükəsizliyinin pozulması halında etibar mexanizminin ləğv edilə bilməsidir. Belə vəziyyətdə “Apple” konkret fotoya və ya həmin sensorla çəkilmiş bütün görüntülərə verilən etimad statusunu geri götürə bilər.
Beləliklə, texnologiyanın əsas məqsədi fotonun yalnız “iPhone” ilə çəkildiyini deyil, həm də görüntünün çəkiliş prosesindən sonra dəyişdirilmədiyini kriptoqrafik üsullarla yoxlamaq imkanını təmin etməkdir.
MONETAR.AZ