Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2026 ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin və uçuş intensivliyinin artacağı gözlənilir. Bununla əlaqədar aeroport sentyabrın 19-dan 27-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Beynəlxalq hava limanından AZƏRTAC-a bildirilib ki, əsas məqsəd artan sərnişin axınının çevik idarə olunması, əməliyyat proseslərinin fasiləsizliyi və xidmətlərin operativ təşkil edilməsidir. Bu müddətdə sərnişinlərin rahatlığının və xidmətlərin davamlılığının təmin olunması üçün hava limanının müvafiq struktur bölmələrinin fəaliyyəti gücləndiriləcək.
Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarış proqramı sentyabrın 24-dən 26-dək keçiriləcək. Yarış həftəsində paytaxtda nəqliyyat intensivliyinin artacağı və bəzi ərazilərdə hərəkət məhdudiyyətlərinin tətbiq ediləcəyi nəzərə alınaraq, sərnişinlərə hava limanına səfərlərini əvvəlcədən planlaşdırmaları və uçuşdan əvvəl əlavə vaxt nəzərdə tutmaları tövsiyə olunur.
Hava limanı sərnişinlərə qeydiyyat, baqajın təhvili və təhlükəsizlik prosedurlarını vaxtında başa çatdırmaq üçün aeroportda əvvəlcədən olmağı tövsiyə edir. Aviaşirkət tərəfindən təqdim edildiyi halda, onlayn qeydiyyat, “self check-in” və “baggage drop-off” xidmətlərindən istifadə də vaxt itkisinin qarşısını ala bilər.
Sərnişinlərə uçuş məlumatlarını əvvəlcədən yoxlamaq, uçuş statusunu və terminalı elektron bilet, aviaşirkətlərin rəsmi saytları və digər rəsmi informasiya kanalları vasitəsilə dəqiqləşdirmək tövsiyə olunur.
Hava limanına gediş-gəliş zamanı şəxsi avtomobildən istifadə etmək istəməyən sərnişinlər “28 May” metro stansiyası ilə Heydər Əliyev Beynəlxalq Aeroportu arasında fəaliyyət göstərən Aeroexpress xidmətindən yararlana bilərlər.
Şəxsi avtomobillə gələn sərnişinlər isə nəqliyyat vasitələrini yalnız müəyyən edilmiş parklanma ərazilərində saxlamağa çağırılır. Sərnişinlərin düşürülməsi və götürülməsi üçün xüsusi “drop-off/pick-up” zonalarından istifadə etmək mümkündür. Aeroportun parkinqində ilk 15 dəqiqə ödənişsizdir. Ödənişlər “Tezödə”, “AzParkinq” və “Birbank” platformaları vasitəsilə onlayn həyata keçirilə bilər.
Xüsusi qayğıya ehtiyacı olan sərnişinlərə isə zəruri xidmətlərin vaxtında təşkil edilməsi üçün uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətlə əlaqə saxlamaları tövsiyə olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 həftəsində artan sərnişin və uçuş intensivliyinin təhlükəsiz və operativ idarə olunması, xidmətlərin fasiləsiz göstərilməsi və sərnişinlər üçün rahat səyahət şəraitinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görəcək.