Formula 1 Bakı Qran-Prisi ilə bağlı hərəkət iştirakçılarına müraciət edilib

Formula 1 Bakı Qran-Prisi ilə bağlı hərəkət iştirakçılarına

Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtda nəqliyyatın hərəkəti ilə bağlı sürücülərə və digər hərəkət iştirakçılarına müraciət edib.

BŞDYPİ-dən AZƏRTAC-a bildirilib ki, sentyabrın 24-dən 26-dək keçiriləcək yarış günlərində Bakı şəhərində nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə müəyyən tədbirlər görüləcək. Bu müddətdə Bakı ətrafındakı kənd və qəsəbələrdən, eləcə də digər şəhər və rayonlardan paytaxta gələn vətəndaşlara ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.

Paytaxt sakinlərindən də yarış günlərində fərdi avtomobillərdən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur. İstismar müddəti uzun olan və texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin isə yola buraxılmaması tövsiyə edilib.

Yarışla əlaqədar Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhlizi təşkil ediləcək. Eyni zamanda Bakı Şəhər Halqasının keçdiyi küçələrdə və trekin əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkətinə mərhələli şəkildə məhdudiyyətlər tətbiq olunacaq.

İlkin məhdudiyyət sentyabrın 19-u saat 21:00-dan qüvvəyə minəcək. Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək məhdudiyyət yarış başa çatana qədər davam edəcək.

Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 20-si saat 01:00-dan sentyabrın 28-i saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu zonalara giriş və çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” əsasında mümkün olacaq.

Sentyabrın 21-22-də müəyyən edilmiş giriş-çıxış yolları səhər saat 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək nəqliyyatın hərəkəti üçün açıq saxlanılacaq. Sentyabrın 23-də isə həmin yollar səhər 07:00-dan 09:00-dək və axşam 20:00-dan 22:00-dək açıq olacaq. Bu vaxtlarda dayanma və durma qadağan ediləcək.

Giriş istiqamətləri aşağıdakılardır: Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində; M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində; Bülbül prospektindən sağa Zərifə Əliyeva küçəsi və düzünə Neftçilər prospekti istiqamətində; Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində; Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən isə Bülbül prospekti istiqamətində.

Çıxış istiqamətləri isə Neftçilər prospektindən Bakı Dəniz Limanı, “Port Baku Mall” və “Crescent Mall” istiqamətində; İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində; Neftçilər prospektindən Azneft dairəsi, “Dəniz Mall” və Salyan şosesi istiqamətində müəyyənləşdirilib.

Məhdudiyyətlərin qüvvədə olduğu müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri vasitəsilə təmin ediləcək.

Tranzit dəhlizlərinin açıq olduğu vaxtlarda, fövqəladə hallar istisna olmaqla, nəqliyyat vasitələrinin parklanmasına, həmçinin sərnişinlərin avtomobillərə minib-düşməsinə icazə verilməyəcək. Dəhlizlərdə maksimal sürət həddi saatda 50 kilometr müəyyənləşdirilib.