Səudiyyə Ərəbistanı sentyabr və oktyabr aylarında Hörmüz boğazındakı Ras Tanura limanından təxminən 60 milyon barel xam neft satıb. “Reuters”in ticarət mənbələrinə istinadən yaydığı məlumata görə, neftin Oman sahillərində, Sohar limanı yaxınlığında gəmidən-gəmiyə (STS) yüklənməsi nəzərdə tutulur.
Spot tədarüklərin əsas alıcıları arasında Çin və Cənubi Koreyanın neft emalı zavodları yer alır. Həcmlərin müəyyən hissəsinin isə Hindistan və Yaponiyaya yönəldiləcəyi bildirilir. Bu satışlar “Saudi Aramco”nun Fars körfəzindən orta hesabla gündə 1–1,5 milyon barel neft ixrac etməsinə imkan verə bilər. Bu həcm avqust göstəricisinə uyğun və ya ondan bir qədər yüksəkdir.
Səudiyyə Ərəbistanının Asiya bazarına əlavə neft çıxarması ölkənin Qırmızı dənizdəki Yanbu limanından ixracın azalmasını qismən kompensasiya etməyə yönəlib. Yanbuya neft nəql edən “Şərq–Qərb” boru kəmərinin hücuma məruz qalmasından sonra limanda yükləmələr məhdudlaşıb. Reuters-in məlumatına görə, boru kəmərinin üç nasos stansiyası zədələnib və onun fəaliyyətinin bərpası ilə bağlı müxtəlif müddətlər səsləndirilir.
Səudiyyə neftinin Oman vasitəsilə Asiya alıcılarına çatdırılması xəbərləri bazarda tədarük çatışmazlığı ilə bağlı narahatlıqları da müəyyən qədər azaldıb. Ötən günlərdə “Saudi Aramco”nun Sohar yaxınlığında gəmidən-gəmiyə yükləmə imkanından istifadə etməklə əlavə neft həcmləri təklif etdiyi bildirilmişdi.
Bununla belə, neft bazarında geosiyasi risklər yüksək olaraq qalır. Hörmüz boğazından keçən tanker və digər yük gəmilərinin sayı son günlər kəskin azalıb. Kpler məlumatlarına görə, dünən boğazdan cəmi dörd əmtəə daşıyan gəmi keçib ki, bu da əvvəlki günün altı gəmi və son 10 günün orta göstəricisi olan 16 gəmidən xeyli aşağıdır.
Bazar iştirakçıları üçün digər risk mənbəyi Səudiyyənin “Şərq–Qərb” boru kəmərinin fəaliyyətinin bərpasının nə qədər vaxt aparacağıdır. Kəmər əvvəllər Hörmüz boğazından yan keçərək gündə 4–5 milyon barel neftin daşınmasında mühüm rol oynayırdı.
Səudiyyə Ərəbistanının Oman üzərindən ixracı artırması isə qlobal neft qiymətlərinə təzyiq göstərən amillərdən birinə çevrilib. Bu gün Brent neftinin qiyməti 2 faizdən çox azalaraq 102,68 dollara, WTI isə 100,08 dollara düşüb. Reuters bunu Səudiyyə tədarükünün bərpası ilə bağlı narahatlığın azalması ilə əlaqələndirir.
Bununla belə, regiondakı münaqişənin davam etməsi və Hörmüz boğazında gəmiçiliklə bağlı qeyri-müəyyənliyin qalması neft bazarının həssaslığını qoruyur. Səudiyyə Ərəbistanının əlavə həcmləri Asiya bazarlarına yönəltməsi qlobal tədarükdəki itkilərin bir hissəsini kompensasiya etsə də, əsas nəqliyyat marşrutlarında vəziyyətin tam sabitləşməsi hələ təmin olunmayıb.
MONETAR.AZ